×
A
A
A
Sazlamalar

Ulu Öndər mədəniyyət və incəsənətimizin inkişafında müstəsna xidmətlər göstərib

Heydər Əliyev Sarayında Ulu Öndərin anım mərasimi keçirilib

Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Heydər Əliyev Sarayında Ulu Öndərin anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə sarayın direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev çıxış edərək Ulu Öndərin şərəfli həyat yolundan, xalqı qarşısında misilsiz xidmətlərindən və mədəniyyət və incəsənətimizin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edib.
Vurğulanıb ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunub. Gördüyü cahanşümul işlərin nəticəsidir ki, bu gün ölkəmizin hər yerində bu böyük şəxsiyyətin anım günü xalqın yüksək ehtiramı ilə geniş qeyd edilir. Ümummilli Liderin zəngin ictimai-siyasi fəaliyyətinin hərtərəfli öyrənilməsi və təbliği məqsədilə bütün bölgələrdə, idarə və müəssisələrdə, təhsil ocaqlarında yığıncaqlar, konfranslar, digər kütləvi tədbirlər keçirilir.
“Bu günlər hər birimiz Heydər Əliyevin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayırıq. Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışlar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Onların adlarını sadalamaqla qurtaran deyil. Heydər Əliyev yazıçıların, bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanardı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilərdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir. Heydər Əliyev özü də incəsənət meyilli şəxsiyyət idi. Elə gəncliyində də incəsənətə gəlmək, memar olmaq istəyirdi. Amma zaman Ulu Öndəri siyasət memarına çevirdi. Çünki bu xalqın belə bir siyasət xadiminə çox böyük ehtiyacı var idi”,- deyə natiqlər vurğulayıblar.
O, Ulu Öndərin siyasi kursunun Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi, aparılan uğurlu siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında geniş məlumat verib.
F. Babayev deyib: “Azərbaycan mədəniyyətinin bu gün nümayiş olunduğu əsas səhnə heç şübhəsiz ki, Heydər Əliyev Sarayıdır və bu sarayın adı onun məsuliyyət yükünü daha da artırır”.
Sonda mərasim iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu və memarını dərin hörmət və ehtiramla yad ediblər. Çıxış edənlər ulu öndər Heydər Əliyevin həyatı, fəaliyyəti, respublikamızın mədəni həyatında etdiyi yeniliklərdən, uğurlu layihələrdən, ölkəmizin inkişaf və tərəqqisi naminə gərgin əməyindən danışıblar.
Sonra Heydər Əliyev Sarayının rəhbərliyi və kollektivi xalqımızın Ümummilli Liderinin Fəxri xiyabandakı məzarını ziyarət edib, məzarı üzərinə tər çiçəklər düzüblər.

Mədəniyyət 2018-12-12 14:48:00