×
A
A
A
Sazlamalar

Avstraliya Milli Kosmik Agentlik yaradır

Tokio, 12 dekabr, AZƏRTAC 

Avstraliya hökuməti mənzil-qərargahı Adelaida şəhərində yerləşəcək Milli Kosmik Agentliyin yaradıldığını elan edib.
AZƏRTAC federal hökumətin saytına istinadla xəbər verir ki, yeni qurum üçün ilk mərhələdə 40 milyon dollardan çox vəsait ayrılacaq.
Məsələyə aydınlıq gətirən Baş nazir Skott Morrison deyib: “Yeni agentlik milli biznes üçün yeni sahələr açmaqla bərabər, dünya kosmik bazarına çıxmağa imkan yaradacaq. Hökumətin ayıracağı 41 milyon dollar məbləğində investisiya ölkənin kosmik sahəsinin yaranması və inkişafı üçün yaxşı start meydançası rolunu oynayacaq və bizim hesablamalara görə, 12 milyard dollar məbləğində şəxsi investisiyaların cəlb edilməsi 2030-cu ilədək 20 min iş yerinin açılmasına səbəb olacaq”.
2019-cu ilin ortalarından fəaliyyətə başlayacaq agentlik yalnız Cənubi Avstraliya ştatının paytaxtı üçün deyil, bütün region üçün inkişaf nöqtəsi olacaq. Buna həmin regionda artıq mövcud olan kosmik sənaye və müdafiə sahəsi də öz təsirini göstərəcək.
“Adelaidada Avstraliya Kosmik Agentliyinin mənzil-qərargahının yaradılması bu gün 800-dək insanın çalışdığı kosmik və müdafiə sənayesi müəssisələrimizi prinsipcə yeni səviyyəyə qaldıracaq”, - deyə Avstraliyanın sənaye, elm və texnologiyalar naziri Karen Endryus bildirib.
S.Morrison isə öz növbəsində əlavə edib ki, hökumət dünya kosmik sənayesinə, o cümlədən süni peyklərin buraxılmasına 260 milyon dollar investisiya yönəltmək niyyətindədir. Bu investisiyalar qitə ərazisində mobil və süni peyk rabitəsinin inkişafına mühüm təsir göstərəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2018-12-12 14:22:00