×
A
A
A
Sazlamalar

Tereza Mey Baş nazir kreslosu uğrunda mübarizəyə hazır olduğunu bildirir

Bakı, 12 dekabr, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Tereza Mey onun hökumət başçısı postundan kənarlaşdırılması cəhdlərinə qarşı sonadək mübarizə aparacağını bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tereza Mey müvafiq bəyanatla Downing Street, 10 ünvanında yerləşən iqamətgahının qarşısında çıxış edib.
“Parlament komitəsinin rəhbəri Qrem Breydi mənə qarşı etimadsızlıq votumu prosedurunu başladan mühafizəkar deputatlardan 48 məktub aldığını təsdiqləyib. Mən votuma qarşı sona qədər mübarizə aparacağam”, - deyə Tereza Mey vurğulayıb.
Baş nazir Mühafizəkarlar partiyasından olan həmkarlarının qaldırdığı etimadsızlıq votumu cəhdinə cavab verməyə hazır olduğunu bildirib. Tereza Meyin sözlərinə görə, onun istefası Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması prosesini ləngidə və ya ləğv edə bilər.
Xatırladaq ki, votum üzrə səsvermə bu gün axşam saatlarında keçiriləcək. Səsvermənin necə nəticələnəcəyi barədə hələlik heç kim proqnoz vermir. Bununla
belə, Tereza Meyin mövqelərinin güclü olduğu, onun Nazirlər Kabineti üzvlərinin hamısı tərəfindən dəstəkləndiyi bildirilir.

Dünya 2018-12-12 14:10:00