×
A
A
A
Sazlamalar

Ulu öndər Heydər Əliyevin irsinə dair 1000-dən çox sənəd MEK-də mühafizə olunur

Bakı, 12 dekabr, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin milli örnək hesab olunan irsinin geniş oxucu kütləsi arasında təbliği işində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) da xidmətləri var.
MEK-də ulu öndər Heydər Əliyevin irsinə dair mühafizə olunan 1000-dən çox sənəd oxucuların istifadəsinə verilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bunlardan 954-ü MEK-in müasir formatlı e-kataloquna, 450-si isə rəqəmsal bazasına daxil edilib.
Kitabxananın sərgi salonu və akademiklər zalında görkəmli siyasi xadim Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən, eləcə də özünün müəllifi olduğu sənədlər daimi guşələrdə təqdim olunur. Sərgilər Heydər Əliyevin anadan olmasını 95 illiyi münasibətilə yeni kitablarla zənginləşdirilib.
MEK-də ümummilli lider Heydər Əliyevin anım günü və anadan olması münasibətilə məlumatlandırıcı və informasiya bələdçisi xarakterli tədbirlər həyata keçirir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə aprel ayında gənc alimlər üçün keçirilmiş AMEA-nın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə müsabiqəsində MEK də iştirak edib və müsabiqə üçün “Heydər Əliyev: elektron baza və sənədlərin reyestri” adlı elektron resurs hazırlanıb. Bu elektron resursa ümummilli liderin kitabxanada mühafizə olunan kitablarının elektron məlumat bazası, MEK-in hazırladığı videofilm, sadələşdirilmiş siyahı və sənədlərin reyestri daxil edilib.
MEK-in Milli Rəqəmsal Yaddaş bazasına görkəmli siyasi xadim Heydər Əliyevə həsr olunmuş, eləcə də özünün müəllifi olduğu sənədlər daxil edilib. Bundan başqa, MEK-in tərkibində fəaliyyət göstərən sərbəst elektron resurslarla iş bölməsi “Vikipediya” online bazasına “91-lər” adlı məqalə yerləşdirib. Məqalə 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün açıq və fəal mübarizəyə səsləyən müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunmuş 91 nəfər tanınmış ziyalı haqqındadır.
Qeyd edək ki, MEK-in beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi Heydər Əliyevin 95 illik yubileyi münasibətilə “Heydər Əliyev 95 illik” başlığı altında mütəmadi paylaşmalar aparır. Bu paylaşmalarla kitabxananın rəsmi saytı olan mek.az saytında və qeydiyyatda olduğu bütün sosial şəbəkələrdə tanış olmaq mümkündür.

Elm və təhsil 2018-12-12 12:47:00