×
A
A
A
Sazlamalar

Ulu öndər Heydər Əliyevin xatirəsi AZƏRTAC-da ehtiramla anılıb VİDEO

Bakı, 12 dekabr, AZƏRTAC

Dekabrın 12-də Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin agentliyin binasının foyesindəki abidəsi önünə gül dəstələri qoyublar.
Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən danışıb. Bildirib ki, 1993-cü ildə Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixində yeni mərhələnin əsasını qoydu. Ölkə həyatının bütün sahələrində böyük canlanma yarandı. Hüquqi, dünyəvi, demokratik milli dövlət quruculuğu prosesi başlandı, beynəlxalq əlaqələrin mükəmməl sistemi quruldu.
Dahi Heydər Əliyevin bütün həyatını xalqa sədaqətlə xidmət işinə həsr etdiyini vurğulayan sədr bildirib ki, Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycanın dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlarla əlaqələri milli maraqlara, uzaqgörən strategiyaya əsaslanırdı. Ümummilli Liderin beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımları, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və gələcəyi baxımından mühüm rol oynayırdı.
Vurğulanıb ki, Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev xalqımızın qəlbində özünə əbədi bir abidə ucaldıb. Bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar məhz ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir. Hər birimiz bugünkü firavan həyatımıza, xoş gələcəyimizə görə əbədiyaşar liderimizə borcluyuq. Böyük Öndərimizin əsasını qoyduğu uğurlu strategiyanı hazırda onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev müvəffəqiyyətlə inkişaf etdirir.
İdarə Heyətinin sədri, həmçinin ulu öndər Heydər Əliyevlə bağlı təəssüratlarını bölüşüb. Qeyd edib ki, o, 1993-cü ildən 2002-ci ilə qədər Ümummilli Liderin yerli və xarici səfərlərinin böyük əksəriyyətində müxbir kimi iştirak edib.
Anım tədbirində digər çıxış edənlər Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən danışıblar, onun xilaskarlıq missiyasından, Azərbaycanın elminə, mədəniyyətinə, idmana, xüsusən gənclərə qayğısından söhbət açıblar.

Daxili siyasət 2018-12-12 12:36:00

Video