×
A
A
A
Sazlamalar

Avropa İttifaqı “Brexit”i dayandırmaq üçün uğursuz cəhdlər edir

Brüssel, 12 dekabr, AZƏRTAC
Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması məsələsi ilə bağlı Avropa siyasətçiləri arasında az rast gəlinən həmrəylik hökm sürür ki, bunu parçalanmış Britaniya ictimaiyyəti haqqında demək olmaz.
AZƏRTAC xəbər verir ki, İrlandiyanın iki hissəsi arasında sərhədlərin bərpası məsələsi qəfildən gündəliyə çıxarılıb. Brüssel isə buna qarşı çıxış edir. Avropa İttifaqı bununla yanaşı, Olsterin Aİ gömrük məkanında qalması uğrunda mübarizə aparır.
“Yaşıllar” fraksiyasından olan avropalı siyasətçi Filipp Lamberts Aİ-nin mövqeyini belə ifadə edib: “Əgər siz Birləşmiş Krallıqları vahid şəkildə qoruyub saxlamaq istəyirsinizsə, o halda bütün Böyük Britaniya Avropa İttifaqı ilə sıx şəkildə bağlı qalmalıdır. Lakin sərt “Brexit” tərəfdarları bunu istəmirlər.
İrlandiya boyunca sərhədin mövcudluğu Belfast Sazişi ilə ziddiyyət təşkil edərdi. Əgər onlar bundan əl çəkmək istəyirlərsə, qoy belə də desinlər. İrlandiyanı, Aİ-ni təqsirləndirmək olmaz, Böyük Britaniyanı qınamaq lazımdır. Bu, Böyük Britaniyanı öz hüquqi vəzifələrinə riayət etməyən izqoy-dövlətə çevirəcək”.
Bundan başqa, Aİ-nin rəsmi dairələrində Londonun İttifaqda üzvlüyünün dayandırılması barədə razılaşdırılmış şərtlərə bu ölkə tərəfindən yenidən baxılmasına etiraz edirlər.
“Avropa öz rəyini bildirib. Bizim tam mövqeyimiz bəllidir. İndi qərarı London qəbul etməlidir”, - deyə sosialist-deputat Udo Bullman bildirib. O, Böyük Britaniyanın Aİ-dən çıxması prosesinin bütünlüklə dayandırılmasını alternativ kimi görür.
“Danışıqlara yer yoxdur, çünki “Brexit”i biz təklif etməmişik. Mənim üzv olduğum Sosial-Demokrat Partiyası Böyük Britaniyanın Aİ-dən çıxması barədə 50-ci maddənin ləğvi fürsətindən Londonun necə istifadə edərək qurumda qalmasını görmək istəyir”, - deyə o qeyd edib.
Bununla belə, Aİ təsisatlarının fasadında Britaniya bayrağının digər üzv dövlətlərin bayraqları sırasında dalğalanmayacağı vaxta az qalır.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel

 

Dünya 2018-12-12 12:27:00