×
A
A
A
Sazlamalar

Yüksək döyüş hazırlığına malik Azərbaycan Ordusunun yaradılması Ulu Öndərin adı ilə bağlıdır

Naxçıvan, 12 dekabr, AZƏRTAC

Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirləri Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və Azərbaycan Ordusu” mövzusunda keçirilən anım tədbirində Ordunun zabiti, polkovnik-leytenant Naib Cəfərov səsləndirib.
Naxçıvan Qarnizonunun şəxsi heyətinin iştirakı ilə keçirilən tədbirdə vurğulanıb ki, qətiyyətli siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin rəhbərliyi ilə milli ordumuzun yaradılmasına ötən əsrin 90-cı illərində Naxçıvandan başlanılıb. Bu gün qədim Naxçıvan diyarının müdafiə qüdrətini təmin edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti torpaqlarımızın müdafiəsində cəsarətlə dayanır, Ümummilli Liderimizin ideyalarına sadiq qalaraq müstəqilliyimizin qorunmasında və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında öz vəzifələrini şərəflə yerinə yetirir.
Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Zaur Həmidov və Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan ətraflı danışıblar.
Tədbirdə əsgərlər, Heydər Əliyev adına Hərbi Liseyin kursantları və Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş olunub.
Sonda hərbi-vətənpərvərlik mövzusunda videoçarx nümayiş etdirilib.

Regionlar 2018-12-12 12:12:00