×
A
A
A
Sazlamalar

Avropa Parlamenti Rumıniya və Bolqarıstanın Şenqen məkanına daxil olması ilə bağlı qətnamə qəbul edib

Buxarest, 12 dekabr, AZƏRTAC

Avropa Parlamenti Rumıniya və Bolqarıstanın Şenqen məkanına dərhal daxil olması ilə bağlı qətnamə qəbul edib.
AZƏRTAC xəbər verir ki, qətnamənin lehinə 514, əleyhinə 107 deputat səs verib, 38 deputat isə bitərəf qalıb. Eyni zamanda, parlament Avropa İttifaqı Şurasını iki ölkənin Şenqen məkanına daxil olmasını tezliklə təmin etməyə çağırıb. Avropa Parlamentinin vətəndaş azadlıqları komitəsinin üzvləri bildiriblər ki, əgər Avropa İttifaqı Şurası Rumıniya ilə Bolqarıstanı Şenqen məkanına qəbul etməsə bu, Avropa İttifaqı institutlarına mənfi təsir göstərəcək və həmin qurumlara inamı azaldacaq.
Qeyd edək ki, iki ölkənin Şenqen məkanına daxil olması Avropa İttifaqı Şurasının iclasında bütün üzv ölkələrin yekdilliklə bu qərara səs verməsi nəticəsində baş tuta bilər. Bu ölkələr 2007-ci ildən Avropa İttifaqına üzv olsalar da, Şenqen məkanına daxil deyillər.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Dünya 2018-12-12 12:03:00