×
A
A
A
Sazlamalar

Çövkən Milli Atüstü Oyunu üzrə Prezident kubokuna start verilib

Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Çövkən Milli Atüstü Oyunu üzrə Prezident kuboku turnirinə start verilib.
ARAF-dan AZƏRTAC-a verilən məlumata görə, püşkatmanın nəticəsinə əsasən günün ilk oyununda "A" qrupu üzrə "Ağstafa" çövkən komandası ilə "Murad" çövkən komandası üz-üzə gəlib. Görüş "Murad" komandasının böyük hesablı qələbəsi ilə başa çatıb (7-0).
Günün ikinci oyunu "B" qrupunda oynanılıb. "Qarabağ" komandası "Köhlən"i 3-1 hesabı ilə məğlub edib.
Həmin qrupun digər oyununda "Omar" ilə "Polad" çövkən komandaları qarşılaşıblar. Görüş "Omar" komandası 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Günün son oyunu "A" qrupu yer alan "Buta Golden" və "Sərhədçi" çövkən komandaları arasında baş tutub. Oyunda “Sərhədçi” komandası rəqibinin qapısından 6 top keçirdib, "Buta Golden" komandası bu qollardan yalnız birinin əvəzin çıxa bilib (6:1).
Qeyd edək ki, dekabrın 13-14-də Çövkən Milli Atüstü Oyunu üzrə Prezident kuboku turnirinin qrup mərhələsində ikinci turun oyunları keçiriləcək.

İdman 2018-12-12 00:30:00