×
A
A
A
Sazlamalar

Səbail rayonunda iki ədəd qumbara aşkarlanıb

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də saat 12:43-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhərinin Səbail rayonunun 2-ci bağlar döngəsində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Səbail Rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri, rayon polis idarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları əraziyə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən iki ədəd əl qumbarası (F-1 və DM-41) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Qumbaraların ətrafında 100 kvadratmetr əraziyə yerüstü və 100 kvadratmetr əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Agentlik tərəfindən yanvarın 1-dən dekabrın 11-dək ümumilikdə 5467 partlamamış hərbi sursat, bir silah, piyada əleyhinə 2, tank əleyhinə 10 mina, 1 kiloqram civə və 73 kiloqram partlayıcı maddə (ammonit № 6 JV-200) aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə ümumilikdə 407 min 442 kvadratmetr ərazi yoxlanılıb.

Hadisə 2018-12-11 19:58:00