×
A
A
A
Sazlamalar

Ağcabədi rayonunda tank əleyhinə iki mina aşkarlanıb

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də saat 10:36-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən və saat 10:43-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi rayonunun Qaradolaq kəndində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları ərazidə 1 saylı kənd orta məktəbinin söküntü aparılan hissəsinə baxış keçiriblər. Təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən iki ədəd təlim məqsədli (tərkibində heç bir partladıcı maddə olmayan) tank əleyhinə mina (TM-62) aşkarlanıb. Həmin sursat götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Təlim minalarının ətrafında 500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Agentlik tərəfindən yanvarın 1-dən dekabrın 11-dək ümumilikdə 5465 ədəd partlamamış hərbi sursat, bir silah, piyada əleyhinə 2, tank əleyhinə 10 mina, 1 kiloqram civə və 73 kiloqram partlayıcı maddə (ammonit № 6 JV-200) aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə ümumilikdə 407 min 242 kvadratmetr ərazi yoxlanılıb.

Hadisə 2018-12-11 18:34:00