×
A
A
A
Sazlamalar

Sumqayıtın kimya sənayesinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır

Sumqayıt, 11 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt kimyaçıları dekabrın 11-də ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anıblar. SOCAR “Azərikimya” İstehsalat Birliyinin akt zalında keçirilən tədbir Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən şair-dramaturq, pedaqoq Əvəz Mahmud Lələdağ, “Azərikimya” İB-nin Həmkarlar İttifaqı Komitəsini sədri Vaqif Ömərov və digərləri çağdaş tariximizin 30 ilindən çoxunun Ümummilli Liderin adı ilə bağlı olduğunu bildiriblər. Qeyd olunub ki, dünya şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət başçısı Heydər Əliyev bütün həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr edib.
“Bu gün müstəqil Azərbaycan dövlətinin dinamik inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutmasına görə Heydər Əliyevə borcluyuq”, - deyən natiqlər Ulu Öndərin 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdışının, qısa bir müddətdə Azərbaycanı düşdüyü fəlakətlərdən xilas etməsinin hər birimizin yaddaşında silinməz izlər buraxdığını vurğulayıblar. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin ardıcıl, uzaqgörən və müdrik siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsində və dünya miqyasında nüfuzunun artmasında mühüm rol oynayıb.
“Azərikimya” İB-nin baş direktoru İmran Arzumanzadə Sumqayıt şəhərinin, həmçinin kimya sənayesinin inkişaf və tərəqqisinin bilavasitə Ulu Öndərin adı ilə bağlı olduğunu vurğulayıb. Bildirilib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi xətti, daxili və xarici siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadiyyatın digər sahələri kimi, kimya sənayesinə də xüsusi diqqət və qayğı göstərir. Bunun nəticəsidir ki, hazırda SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin istehsal gücünün, kimya məhsullarının çeşidinin artırılması məqsədilə intensiv tədbirlər görülür, yeni qurğuların tikintisi həyata keçirilir.
Tədbirdə ulu öndər Heydər Əliyevin ömür yolundan bəhs edən sənədli film nümayiş olunub.

Regionlar 2018-12-11 18:28:00