×
A
A
A
Sazlamalar

Kabil yaxınlığında partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb

Bakı, 11 dekabr, AZƏRTAC

Əfqanıstanın paytaxtı Kabilin yaxınlığında baş verən partlayış nəticəsində həlak olanların sayı 12 nəfərə çatıb, 9 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC 1TV telekanalına istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Məlumata görə, terrorçu-kamikadze bomba yüklü avtomobillə hərbçiləri daşıyan maşını hədəfə alıb. Ölənlər və yaralananlar arasında hərbçilərlə yanaşı, mülki şəxslər də var.
Partlayışın məsuliyyətini ölkədə fəaliyyət göstərən “Taliban” hərəkatı üzərinə götürüb.
Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar uzun müddətdir davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkə boyu terrorçulara qarşı birgə əməliyyatlar keçirirlər.

Dünya 2018-12-11 17:18:00