×
A
A
A
Sazlamalar

Çinlilər ABŞ məhsullarını boykot etməyə çağırırlar

Bakı, 11 dekabr, AZƏRTAC

“Huawei” kompaniyasının maliyyə direktoru Men Vancounun Kanadada həbsi ilə bağlı Çinlə ABŞ arasında yaranan gərginlik hər iki ölkənin Pekindəki diplomatik nümayəndəlikləri qarşısında etiraz aksiyalarına, həmçinin Amerika məhsullarının boykotuna gətirib çıxara bilər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, dekabrın 11-də Kanadanın Pekindəki səfirliyinin ətrafında xüsusi təyinatlı polis dəstəsinin gücləndirilmiş mobil qrupları görünməyə başlayıb. Qanun keşikçiləri insanlara diplomatik missiyanın qarşısında dayanmağa, foto çəkməyə icazə vermirlər. ABŞ səfirliyinin binası ətrafında da analoji tədbirlər görülüb.
Getdikcə artan gərginlik Çinin bəzi firmalarını və vətəndaşları Amerika məhsullarının boykotuna sövq edir. Belə ki, “ağıllı” qurğular istehsalı ilə məşğul olan “Menpad” kompaniyası “Huawei”ə dəstək məqsədilə onun çiplərinə üstünlük verəcəyini, həmçinin şəxsi istifadə üçün “Huawei” telefonu alan əməkdaşlarına qurğunun qiymətinin 15 faizini güzəştə gedəcəyini bildirib. Eyni zamanda, “Apple” telefonundan istifadə edən əməkdaşlar Amerika istehsalı olan telefonun bazar qiyməti miqdarında cərimələnəcək.
Çinin digər şirkəti – “Chengdu RYD” isə öz avadanlıqlarını “Huawei” məhsulları ilə əvəz edəcəyini bildirib. Bu firma da “Huawei” telefonları alan işçilərinə subsidiya vəd edir.

 

Dünya 2018-12-11 15:12:00