×
A
A
A
Sazlamalar

İranın İnsan Hüquqları üzrə Ali Şurası Fransada baş verən kütləvi ixtişaşlarla bağlı bəyanat verib

Tehran, 11 dekabr, AZƏRTAC

İranın İnsan Hüquqları üzrə Ali Şurası Fransada baş verən kütləvi ixtişaşlarla bağlı bəyanat verib.
AZƏRTAC xəbər verir ki, bəyanatda Parisdə və başqa böyük şəhərlərdə baş verən kütləvi aksiya iştirakçılarına qarşı polisin qəddarlıqla davranması tənqid edilib.
Diqqətə çatdırılıb ki, sadə fransalılar ölkədəki iqtisadi çətinliklərə qarşı etiraz edərkən polisin zorakılığı ilə üzləşib. İnsanların kütləvi şəkildə həbs edilməsi demokratiya və insan hüquqları prinsiplərinə sığmır. Məhkəmə prosesi olmadan etirazçıların zindana atılması insan hüquqlarına dair bütün beynəlxalq konvensiyalara ziddir.
Bəyanatda deyilir ki, BMT-nin İnsan Hüquqları Şurası xüsusi komissiya yaradaraq qanunsuz həbsləri araşdırmalı və insanların azad edilməsinə nail olmalıdır.
Xatırladaq ki, noyabrın 17-də Parisdə yanacağın qiymətinin hökumət tərəfindən artırılmasına etiraz edən insanlar polisin zorakılığına məruz qalıblar. Bu səbəbdən də etirazlar bu günə kimi davam edir. Son məlumatlara görə həbs edilənlərin sayı 600 nəfəri ötüb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2018-12-11 12:58:00