×
A
A
A
Sazlamalar

İranın türkdilli xalqları – Qaşqaylar

Şiraz, 11 dekabr AZƏRTAC

İran çoxsaylı xalqların və etnik qrupların birgə yaşadığı nadir ölkələrdən biridir. Tehranda və digər böyük şəhərlərdə müasir geyimli insanlarla yanaşı, milli paltarda gəzən kürd, lor, türkmən, qaşqay kimi etnik qrupların nümayəndələrinə də rast gəlmək olur.
Qədim türk dilində qaşqay sözü “nişan”, “ulduz”, “ay”, “xoşbəxtlik”, “müqəddəslik” mənalarında işlədilirdi. Köklü türk xalqlarından biri olan qaşqaylar İranın cənub və mərkəzi əyalətlərində köçəri həyat tərzi keçirirlər. Əsasən Fars, İsfahan, Şiraz, Kirman, Çahar-Mahal və Bəxtiyari, Xuzistan vilayətlərində yaşayan qaşqayların sayı 1,5 milyondan çoxdur. Yayda yaylaqda qışda isə aranda heyvandarlıqla məşğul olan qaşqay kişiləri yaxşı at çapmaqları, ov etmələri, qadınları isə rəngli və güllü paltarları ilə seçilirlər. Qadınlar köç zamanı yığdıqları bitki və böcəklərdən əlvan boyalar hazırlayıb kustar üsulla istehsal etdikləri yun və ipləri boyayırlar. Bu iplərdən çox gözəl xalça, tirmə, palaz, kilim və başqa ev əşyalar toxuyurlar.
Natural təsərrüfat quran qaşqaylar qeyd etdiyimiz kimi əsasən heyvandarlıqla məşğul olurlar. Yay vaxtı onlar yaylaqdan yaxın şəhərlərin bazarına diri heyvan gətirib satır və sənaye malları alıb qış üçün ehtiyat yaradırlar. Qaşqayların yaşadığı yerlər dağlıq və dağətəyi vilayətlər olduğu üçün qış vaxtı yağan qar yolların bağlanmasına səbəb olur. Odur ki, qaşqaylar hər yayda qış üçün yaxşı hazırlıq görürlər.
İran tarixçısı Əziz Möhseni yazır ki, VIII əsrdə moğollar Rusiyadan gedən zaman slavyanlar şimaldan daha münbit torpaqları olan cənuba doğru axışdılar və orada yaşayan türkləri sıxışdırdılar. Olar keçmiş yurdlarını buraxıb Aran və Azərbaycana, yəni Araz çayının şimal və cənub hissələrinə dağıldılar. Onlardan bir dəstəsi Qara dənizin şimal hissəsinə-Krıma və indiki Türkiyə ərazisinə sığındılar. Şah Abbas osmanlılarla Qafqazda və Azərbaycanda apardığı müharibələrdən sonra osmanlı türkləri ilə dil baxımından yaxın olduqlarına görə qaşqayları öz yurdlarından İranın cənub hissələrinə köçürtdü.
Bu gün İranın Şiraz şəhəri yaxınlığına Qarabağ adlı kənd və Qarabağ düzü deyilən yer var. Bəzi tədqiqatçılar hesab edirlər ki, burada yaşayan qaşqaylar isə Azərbaycanın Qarabağ bölgəsindən köçüb gələnlərdir.
Qaşqay dilinə çox sayda ərəb, fars və tük sözləri daxil olsa da, onların söhbətinə diqqətlə qulaq asdıqda Azərbaycan dilinə çox yaxınlığını müəyyən etmək olur. Tədqiqatçıların fikrincə, qaşqay dili Azərbaycan dilinin qaşqay ləhcəsidir. Hələ də tayfa-qəbilə sistemində yaşayan qaşqayların qəbilə başçısı “elxan” adlanır. İranda qaşqayların 5 əsas tayfası yaşayır. Kəşküllü, Şeşbəyli, Dərəşorlu, Farsimədan, Əmələ tayfaları böyük tayfalardır. Qaraçaylı, Rəhimli, Səfixanlı nisbətən kiçik tayfalardı.
Qaşqay xalqının İran tarixində özünəməxsus rolu olub. Hələ 1905-1911-ci illər Məşrutə inqilabını dəstəkləyən qaşqaylar və onların rəhbəri Sövlətüddövlə böyük uğurlar əldə edərək, öz silahlı qüvvələri ilə xalq əncümənlərini və Şiraz əhalisini əksinqilabi qüvvələrin hücumundan müdafiə ediblər. Qaşqaylar I Dünya müharibəsi illərində ingilis müstəmləkəçilərinə qarşı üsyan edən Təngistan və Dəştistan mücahidlərinə, Fars əyalətinin demokrat təşkilatlarına da yardım göstəriblər. Sövlətüddövlənin rəhbərliyi altında Fars əyalətini ingilis işğalından xilas etmiş və hətta 1920-ci ildə İngiltərənin işğalçı qoşunlarının İran ərazisini tərk etməsində mühüm rol oynamış və bununla da İran deyilən məmləkətin xalqlarının mübarizəsi tarixində silinməz izlər buraxıblar. Təsadüfi deyil ki, ingilislərin təhriki ilə qaşqayların lideri, vətənpərvər qəhrəman Sövlətüddövlə ingilislərin əlində oyuncaq olan Rza şah Pəhləvi tərəfindən 1932-ci ildə Qəsre-Qacar zindanına salınaraq qətlə yetirilib.
Nəsir xan Qaşqayın rəhbərliyi ilə 1929-cu ildə də qaşqaylar üsyana qalxaraq hökumət qüvvələrini yaşadıqları ərazilərdən qovub çıxarıb və Semirəm qalasını ələ keçirmişdilər. Üsyan 1943-cü ilə kimi davam etmişdi. Lakin sonralar ingilislər Nəsir xan ilə razılıq əldə edərək ondan İran hakimiyyətinə qarşı təsir vasitəsi kimi istifadə etməyə nail oldular.
İran İslam İnqilabının ilk illərində də qaşqaylar mübarizələrini davam etdiriblər. Xosrov xan İsmayıl xan oğlunun rəhbərliyi ilə milli mübarizəyə qalxan qaşqaylarla hökumət qüvvələri arasında 1982-ci ildə qanlı toqquşmalar oldu. Nəticədə Xosrov xan həbs edilərək Şirazda edam edildi. İslam inqilabı digər xalqlar kimi qaşqaylara da azadlıqlar təqdim etdi. İsfahan və Şiraz vilayətlərində yaşayan qaşqaylar şəhərlərə köçərək oturaq həyata başladılar. Digər vilayətlərdə yaşayanlar isə bu gün də köçəri həyat tərzi sürürlər. Bu gün qaşqaylar İranın tamhüquqlu vətəndaşları olaraq dövlət idarəçiliyinə cəlb edilir və ictimai-siyasi həyatda fəal rol oynayırlar.
İranda qaşqaylardan başqa türkmən və bəxtiyari kimi türkdilli xalqlar da yaşayırlar.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Şiraz

Dünya 2018-12-11 12:45:00