×
A
A
A
Sazlamalar

Yaponiya ABŞ təyyarələrinin toqquşduğu rayonda axtarış əməliyyatını dayandırıb

Tokio, 11 dekabr, AZƏRTAC 

Yaponiya dekabrın 6-da ABŞ-a məxsus F/A-18 qırıcısının və KC-130 yanacaqdoldurma təyyarəsinin toqquşduğu Şikoku adaları yaxınlığındakı rayonda axtarış əməliyyatının dayandırılması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 11-də Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Yaponiya Sahil Mühafizəsinin beşinci regional qərargahından daxil olan sorğu ilə əlaqədar axtarış əməliyyatı dayandırılıb. Yaponiya tərəfindən axtarış əməliyyatında 30-dan artıq təyyarə və helikopter, həmçinin 11 gəmi və kater iştirak edib.
Qəzaya uğramış hər iki təyyarənin ABŞ-ın Yamaquçi prefekturasında yerləşən İvakuni dəniz piyadalarının aviabazasına məxsus olduğu bildirilir. Təyyarələrin yanacaqdoldurma zamanı qəzaya uğradığı qeyd edilir. Təyyarələrdə ümumilikdə yeddi hərbçi olub.
Toqquşma günü tapılan iki pilotdan biri sonradan həlak olub.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2018-12-11 10:42:00