×
A
A
A
Sazlamalar

Fransa Prezidenti sükutu pozdu, “sarı jiletlər” aksiyasının 5-ci aktına çağırış edildi

Paris, 11 dekabr, AZƏRTAC

“Aranızda bəzilərinizi sözlərimlə yaralamışam”, -deyə Fransa Prezidenti Emmanuel Makron ölkəni bürüyən “Sarı jilet”lər böhranından çıxmaqla bağlı söylədiyi nitqində bildirib.
AZƏRTAC xəbər verir ki, Fransa Prezidenti “sarı jiletlər”in qəzəbini sakitləşdirmək üçün 2019-cu ildən minimum əmək haqqının hər ay 100 avro artırılacağını, əlavə iş saatlarının vergi çıxılmadan ödəniləcəyini, ilin sonunda əlavə bonusun ödənilməsi və təqaüddən çıxılan ümumi sosial verginin (CSG) artmayacağını bildirib.
Prezidentin çıxışı heç də birmənalı qarşılanmayıb. Onun üç həftədir gözlənilən çıxışı istənilən nəticəni verməyib. “Fəth edilməz Fransa” hərəkatının lideri Jan-Lük Melanşon prezidentin “dövrü səhv saldığını” bildirərək, “sarı jiletlər” aksiyasının 5–ci aktına çağırış edib.
Qeyd edək ki, “sarı jiletlər” aksiyası davam edir. Əyalətdə hələ də yolları bağlayan aksiyaçılar ölkə prezidentinin çıxışını aksiya keçirdikləri məkanlarda izləyiblər.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri

Dünya 2018-12-11 00:32:00