×
A
A
A
Sazlamalar

BMT miqrasiya barədə sazişi təsdiqləyib

Bakı, 10 dekabr, AZƏRTAC

BMT-nin hökumətlərarası konfransı dekabrın 10-da Mərakeşdə 150-dən çox dövlətdən müxtəlif səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə təhlükəsiz, nizamlı və leqal miqrasiya üzrə qlobal paktı təsdiqləyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, konfransa Mərakeşin xarici işlər naziri Nasir Burita sədrlik edib.
BMT-nin demək olar ki, bütün üzv dövlətlərinin iştirakı ilə mətni altı aylıq müzakirələrin gedişində hazırlanan sənəd hüquqi öhdəlik daşımır və yalnız bu sahədə qlobal əməkdaşlığa imkan yaradır. Pakt dekabrın 19-da Baş Assambleyanın iclasında qəbul olunmalıdır.
BMT-nin Baş katibi Antoniu Quterreşin sözlərinə görə, qlobal pakt qanuni mühacirlərin işçi qüvvəsinə ehtiyacı olan ölkələrin bazarlarına daxil olmasına yadım edəcək və bununla yanaşı, leqal mühacirət yolları qanunsuz mühacir axını ilə daha effektiv mübarizə aparmağa imkan yaradacaq.
Lakin sənəd hazırkı şəkildə də çoxsaylı mübahisələr doğurur. Paktın əleyhdarları hesab edirlər ki, bu, inkişaf etmiş ölkələrə mühacir axınını gücləndirəcək. Eyni zamanda, hüquq müdafiəçiləri həmin tədbirlərin mühacirlərin hüquqlarını yetərincə müdafiə etmədiyi qənaətindədir. Belçika, Bolqarıstan, Macarıstan, Çexiya, Slovakiya, Avstraliya, İsrail, İtaliya və İsveçrə kimi ölkələr konfransda iştirak etməmək qərarına gəliblər. ABŞ Prezidenti Donald Trampın administrasiyası isə hələ 2017-ci ilin sonlarında paktın müzakirəsindən çıxıb.
BMT-nin məlumatına əsasən, hazırda dünyada 68 milyon məcburi köçkün var. Onların 25 milyonu qaçqınlar, 3 milyonu qaçqın statusu almağa çalışanlar və 40 milyonu daxili köçkünlərdir.

Dünya 2018-12-10 16:01:00