×
A
A
A
Sazlamalar

Manus və Nauru adalarında yaşayan miqrantlar Avstraliya hökumətini məhkəməyə verirlər

Tokio, 10 dekabr, AZƏRTAC 

“The National Justice Project” hüquq müdafiəsi qrupunun vəkilləri Manus və Nauru adalarındakı müvəqqəti düşərgələrdə yaşayan 1200 qaçqının adından, iki qrupun iddiası ilə hökumətə qarşı Avstraliya Ali Məhkəməsinə müraciət edəcəklərini bildiriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
“Miqrantlar təsdiq edirlər ki, onlar hər gün Avstraliya hökuməti tərəfindən işgəncələrə məruz qalırlar, onlara düşünülmüş şəkildə fiziki və mənəvi əzab verilir. Avstraliya hökuməti bu yolla insanların qayıqlarla qitəyə gedərək orada sığınacaq almaq cəhdlərinin qarşısını alır”, - deyə qrupun üzvü Corc Nyuhaus bildirib.
Onun sözlərinə görə, Kanberradakı məhkəməyə müraciət edən miqrantlar öz vətəndaş hüquqlarını təmin etmək istəyirlər.
Onların iddialarında federal hökumətə qarşı qeyri-qanuni azadlıqdan məhrum etmə, müvafiq tibbi təminatdan imtina, qida və su ilə təchizat, antisanitar şəraitdə yaşamağa məcbur etmə kimi məsələlər yer alıb. Qeyd olunur ki, bu cür münasibət sığınacaq istəyənlərə və qaçqınlara ciddi mənəvi və fiziki ziyan vurur.
Avstraliya hökuməti əvvəllər dəfələrlə bu şəxslərin məhkəmə iddiaları ilə qarşılaşıb. 2017-ci ilin sentyabrında Kanberra məhkəməsi Manus adasında yaşayan qaçqınlara 70 milyon Avstraliya dolları (50,5 milyon ABŞ dolları) ödənməsi barədə qərar qəbul edib. Həmin vaxt 2 mindən çox qaçqın hökumətə qarşı qeyri-qanuni nəzarət altında saxlama iddiası ilə çıxış etmişdi.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2018-12-10 08:29:00