×
A
A
A
Sazlamalar

Budapeştdə “Azərbaycan Paris Sülh Konfransında” adlı kitabın təqdimatı olub

Budapeşt, 8 dekabr, AZƏRTAC

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin macar, ingilis və fransız dillərində nəşr olunmuş “Azərbaycan Paris Sülh Konfransında” adlı kitabının təqdimatı olub.
Məşhur macar türkoloqu, akademik Cörc Xazainin ev muzeyində keçirilən tədbirdə türkoloq alimlər, Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin, Azərbaycan diasporunun təmsilçiləri, azərbaycanlı tələbələr, yerli jurnalistlər iştirak ediblər.
Akademik Cörc Xazainin qızı, Cörc Xazai Türkoloji Kitabxanasının təsisçisi və direktoru Sesiliya Xazai tədbiri açaraq 2018-ci ilin Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ilə əlamətdar olduğunu bildirib. O, müstəqilliyini iki ilə yaxın bir müddət ərzində qoruyub saxlaya bilmiş Azərbaycan Demokratik Respublikasının tarixi ilə bağlı dəyərli tədqiqatlar aparan səfir Vilayət Quliyevin bu istiqamətdə növbəti kitabının macar dilinə tərcümə edildiyini diqqətə çatdırıb və həmin kitabın təqdimat mərasiminin təsisçisi olduğu Xazai Kitabxanasında təşkil olunmasından məmnunluğunu ifadə edib.
Sonra səfir Vilayət Quliyev çıxış edərək Azərbaycan Demokratik Respublikasının fəaliyyəti barədə məlumat verib. O, həmin dövrdə çox böyük çətinliklər qarşısında qalan respublikanın paytaxtı Bakının erməni-bolşevik işğalı altında olduğunu, buna baxmayaraq 100 il əvvəl dekabrın 7-də müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycanın parlamentinin birinci iclasının keçirilməsinə nail olunduğunu diqqətə çatdırıb. 80 azərbaycanlının, o cümlədən ölkədəki bir çox xalqların nümayəndələrinin də təmsil olunduğu 120 yerlik parlamentin 1920-ci il aprelin 27-dək - bolşevik işğalına qədər fəaliyyət göstərdiyini qeyd edən səfir qısa müddət ərzində qanunverici orqanın 145 iclas keçirdiyini və 300-dək qanun layihəsinə baxıldığını vurğulayıb, məhz bu qanunların Azərbaycanın müstəqil dövlət kimi ayaq üstə durmasına təkan verdiyini bildirib.
O dövrdə gənc respublikanın beynəlxalq miqyasda tanınması üçün bütün imkanlardan istifadə edildiyini və nəticədə ölkənin de-fakto tanındığını bildirən səfir müəllifi olduğu kitabda Paris Sülh Konfransına ezam edilmiş Azərbaycan Demokratik Respublikasının nümayəndə heyətinin bu istiqamətdə keşməkeşli və şərəfli fəaliyyəti barədə məlumatların yer aldığını qeyd edib.
Daha sonra Macarıstan Türkoloji Araşdırmalar Fondunun sədri, Macarıstanın Türkiyədəki sabiq səfiri Yanoş Hovari çıxış edərək Qurban Səidin “Əli və Nino” romanına istinad edib. Həmin kitabdan sitatlar səsləndirən natiq o dövrdə öz müstəqilliyini qurmuş Azərbaycan xalqının necə böyük ruh yüksəkliyi keçirməsinin həmin kitabda təsdiqini tapdığını bildirib. Səfir V.Quliyevin müəllifi olduğu “Azərbaycan Paris Sülh Konfransında” kitabının o dövrkü hadisələrə işıq salması baxımından əhəmiyyətli bir araşdırma olduğunu deyən Yanoş Hovari bu kitabın macar tədqiqatçıları tərəfindən maraqla qarşılanacağını bildirib.
Türkiyənın Macarıstandakı səfiri Akif Oktay Azərbaycan Demokratik Respublikasının keçdiyi şərəfli yol barədə fikirlərini bölüşüb və gənc respublikanın mövcud olduğu qısa və çətin dövrdə türklərin azərbaycanlı qardaşlarının yanında olduğunu vurğulayıb. Azərbaycan Demokratik Respublikasının qadınlara seçki hüququ verdiyini deyən səfir o dövrdə belə bir hüququn nəinki Türkiyədə, hətta inkişaf etmiş Avropa ölkələrində də hələ tanınmadığını qeyd edib.
Kitabın tərcüməçisi Tamaş Varheci nəşr barədə fikirlərini bildirib, tərcümə prosesində Azərbaycan Demokratik Respublikasının fəaliyyəti ilə bağlı maraqlı faktlarla qarşılaşdığını diqqətə çatdırıb. O, kitabın macar oxucularının diqqətini cəlb edəcəyinə əminliyini ifadə edib.
Təqdimat mərasimi yerli kütləvi informasiya vasitələrində işıqlandırılıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

CÜMHURİYYƏT - 100 2018-12-08 18:56:00