×
A
A
A
Sazlamalar

BMT-nin baş katibi soyqırımı cinayətləri törədənləri mühakimə etməyə çağırıb

Bakı, 8 dekabr, AZƏRTAC 

1948-ci il dekabrın 9-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı qəbul edib.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, dünya ictimaiyyəti üçün bu mühüm sənədin qəbul edilməsinin 70-ci ildönümü ərəfəsində keçirilən tədbirdə çıxış edən təşkilatın baş katibi Antonio Quterreş bütün bəşəriyyəti soyqırımı cinayətləri qurbanlarının xatirəsini anmağa çağırıb.
A.Quterreş indiyədək bu sənədə qoşulmayan 45 ölkəyə də tezliklə Konvensiyanı imzalamağı təklif edib. Onun sözlərinə görə, soyqırımı cinayətləri ilə mübarizə sahəsində hüquqi əsas olan sənədi 149 ölkə ratifikasiya edib. Baş katib xatırladıb ki, Konvensiyanın qəbul edilməsi Holokost zamanı 49 yaxınını itirmiş Rafael Lemkin adlı insanın səylərinin nəticəsidir. “Nürnberq məhkəməsində nasistlər insanlıq əleyhinə cinayətlərinin cəzasını aldılar, amma Lemkini bəşəriyyətin gələcəyi narahat edirdi. O, yeni hitlerlərin ortaya çıxmasının qarşısının alınmasını istəyirdi”, -deyə A.Quterreş diqqətə çatdırıb.
Baş katib əlavə edib ki, Konvensiyaya müvafiq olaraq soyqırımı hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən bu cür qrup üzvlərinin öldürülməsi, bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi, qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması, bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi, bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi hərəkətlərini ehtiva edir. A.Quterreş deyib: “Soyqırımı cinayətlərinin qarşısını almaq üçün Konvensiyanın müddəalarını həyata keçirmək, birgə tədbirlər görmək lazımdır. Lakin bəşəriyyət bir çox hallarda həyəcan siqnallarına cavab verə bilmir. Konvensiyanın qəbul edilməsindən sonra Ruanda, Kamboca və Srebrenitsada törədilən soyqırımı cinayətləri buna sübutdur. Yetmiş il keçməsinə baxmayaraq, hələ də etnik və dini zəmində qətliamlar davam edir. Ən son hadisələr – Myanmada müsəlmanların faciəsi və “İslam dövləti” terror təşkilatının İraqda yezidi kürdlərə qarşı törətdiyi cinayətlər də bunu göstərir”.
BMT-nin rəhbəri təəssüflə vurğulayıb ki, bütün dünyada irqçilik, ksenofobiya, antisemitizm və islamofobiya təzahürləri getdikcə artır. “Hamımıza məlumdur ki, bu cür ritorika ciddi cinayətlərə, o cümlədən yeni soyqırımı aktlarına gətirib çıxara bilər. Bu mənfi hallara qarşı mübarizə aparmaq üçün cəsarət, siyasi iradə və qətiyyət tələb olunur. Konvensiyada bunun üçün bütün əsaslar mövcuddur”, -deyə baş katib əlavə edib.
A.Quterreş keçmiş Yuqoslaviya, Ruanda və Kamboca üzrə tribunalları xatırladaraq bildirib ki, digər soyqırımı cinayətlərinin günahkarları da ədalət məhkəməsi qarşısında cavab verməlidir.

Dünya 2018-12-08 17:36:00