×
A
A
A
Sazlamalar

Ermənistanda təhsil sahəsində korrupsiya halları artıb

Bakı, 8 dekabr, AZƏRTAC 

Ermənistanın təhqiqat komitəsi ölkənin ali, orta ixtisas və ümumtəhsil məktəblərində aparılan yoxlamaların nəticələrini açıqlayıb.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, aparılan yoxlamalar zamanı cari ilin yanvar-noyabr aylarında təhsil müəssisələrində dövlət büdcəsindən ayrılan 81 min 600 dollar vəsaitin mənimsənildiyi aşkar olunub.
Təhqiqat komitəsi mətbuat xidmətinin məlumatına görə, korrupsiya faktları ilə əlaqədar ümumtəhsil məktəblərində 15, məktəbəqədər təhsil müəssisələrində isə 98 mənimsəmə faktı ilə bağlı cinayət işi qaldırılıb. Bundan başqa, 8 ali məktəbdə dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı istintaqın nəticələri prokurorluq orqanlarına göndərilib. Daha 75 cinayət işi ilə əlaqədar istintaq davam etdirilir.
Məlumatda daha sonra qeyd olunur ki, təhsil sektorunda işləyən 40 nəfərdən ölkəni tək etməmək haqqında iltizam alınıb, həbs olunan 1 nəfər isə girov müqabilində azadlığa buraxılıb. Təhqiqat komitəsinin apardığı istintaqa 20 məktəb direktoru, 1 direktor müavini, 1 prorektor və 14 müəllim cəlb olunub. Mənimsənilən vəsaitin 35 min dolları büdcəyə qaytarılıb.

Dünya 2018-12-08 16:18:00