×
A
A
A
Sazlamalar

Özbəkistanda Konstitusiya Günü qeyd olunub

Daşkənd, 8 dekabr, АZƏRTAC

Daşkənddəki “Özbəkistan” Forumlar Sarayında ölkə konstitusiyasının qəbul olunmasının 26-cı ildönümü təntənəli şəkildə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə hökumət üzvləri, deputatlar, elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, səfirlər, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mərasim iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, yeni şəraitdə siyasi, hüquqi və digər sahələrdə aparılan islahatlardan danışıb. Dövlət başçısı bildirib ki, konstitusiya hər bir vətəndaşın hüquq və azadlıqlarının, qanunların aliliyinin təmin edilməsi, hüquqi və demokratik dövlət qurulması, xalqın həyat şəraitinin yaxşılaşdırılması üçün hüquqi qarantdır. Vurğulayıb ki, son iki ildə vətəndaşların hüquq və azadlarının qorunması, insanların həyat şəraitinin yaxşılaşdırılması, uzun illər ərzində yığılıb qalan problemlərin həlli ilə bağlı 90 qanun, 2000 fərman imzalanıb.
Mərasimdə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.
Bayram tədbiri Özbəkistan incəsənət ustalarının geniş konsert proqramı ilə başa çatıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2018-12-08 12:27:00