×
A
A
A
Sazlamalar

Yaponiya parlamenti əmək miqrantları barədə qanun layihəsini qəbul edib

Tokio, 8 dekabr, AZƏRTAC 

Yaponiya parlamentinin yuxarı palatası səhər saat 4-ə qədər davam edən kəskin debatlardan sonra ölkəyə əcnəbi işçilərin gəlişini asanlaşdıran qanun layihəsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, 2019-cu il aprelin 1-dən qüvvəyə minəcək qanuna görə, 5 il ərzində ölkəyə tikinti, yaşlılara xidmət, kənd təsərrüfatı və digər sahələrdə çalışacaq 345 min əcnəbi işçinin gəlməsinə icazə veriləcək. Həmin işçilərin ixtisaslarından asılı olaraq, iki qrupa bölünəcəyi bildirilir. Birinci qrupa daxil ediləcək əcnəbilərə Yaponiyaya 5 il müddətinə gəlmək icazəsi verilsə də, onlar ailələrini özləri ilə gətirə bilməyəcəklər. İkinci qrupa daxil ediləcək işçilər isə ölkədə daha uzun müddət qalmaq və ailələrini də özləri ilə gətirmək hüququna malik olacaqlar.
Bununla yanaşı, yeni qanunda qeyd edilir ki, dövlət işçi qüvvəsinə ehtiyacın aradan qalxacağı təqdirdə bu icazənin verilməsini dayandıra bilər.
Qanunun qəbulunun əsas səbəbi kimi, həm ölkədə aşağı ixtisaslı işçi qüvvəsinə tələbatın aradan qaldırılması, həm də son illər “təhsil” adı ilə işə qəbul edilən əcnəbi işçilərin statusunun qanun çərçivəsinə salınması göstərilir. Məsələ burasındadır ki, ölkəyə “təhsil” adı ilə cəlb edilən əcnəbilər kiçik məbləğ müqabilində çox ağır işlərə cəlb edilirlər.
Belə ki, qanun layihəsinin müzakirə edildiyi günlərdə Yaponiyada yalnız 2015-2017-ci illərdə çox ağır iş şəraitinə görə 69 nəfər “əcnəbi stajçı”nın həlak olduğu məlum olub.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2018-12-08 07:30:00