×
A
A
A
Sazlamalar

Balakəndə “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” mövzusunda regional konfrans işini davam etdirib

Bakı, 7 dekabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Balakən Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” adlı ikigünlük regional konfrans dekabrın 7-də öz işini davam etdirib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, konfransı giriş sözü ilə açan Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov mövzunun aktuallığından danışıb. Cəmiyyətdə dini radikalizmə qarşı mübarizənin əhəmiyyətini qeyd edən şöbə müdiri bildirib ki, dini radikalizmin geniş yayıldığı cəmiyyətlərdə xaos yaranır. Bu fəsadlar cəmiyyətin bütün sahələrində inkişafa mane olur. Ölkəmizin nümunəvi dövlət-din münasibətlərindən danışan F.Nəcəfov dini maarifləndirmə işinin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, cəmiyyətimizin bütün sahələrində yüksək səviyyədə təmsil olunan qadınlar dini maarifləndirmə işinə də öz dəyərli töhfələrini verir.
Konfransda ölkəmizdəki tolerantlıq və həmrəylik mühiti haqqında danışan Dövlət Komitəsinin təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova vurğulayıb ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması daim diqqət mərkəzindədir.
Çıxışında, eyni zamanda dini radikalizmin yayılma metodologiyası, cəlbetmə üsullarından danışan şöbə müdiri dini radikalların insanları cəlbetmə üsulları haqqında ətraflı məlumat verib. Dini radikalizmlə mübarizədə cəmiyyətin bütün təbəqələrinin iştirakının vacibliyinə toxunub.
Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva dini radikalizmin ən geniş yayılmış təbliğat platformasının sosial şəbəkələr olduğunu bildirib. Vurğulayıb ki, dini radikal qruplar bütün vasitələrdən istifadə edərək öz zərərli fikirlərini yaymaq, cəmiyyətdə insanlar arasında dini və məzhəb ayrı-seçkiliyi yaratmağa cəhd edirlər. Yaqut Əliyeva sosial şəbəkələrdə məzhəblərarası və konfessiyalararası münasibətlərə ciddi zərbə vuracaq təhrikedici materialların sayının gündən-günə artdığını qeyd edib. Şöbə müdiri deyib ki, bu risklərdən qorunmaq üçün məktəblilərin, yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə ciddi nəzarət edilməlidir.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev isə dini radikalizmə qarşı mübarizədə maarifləndirmə işinin mənəvi və psixoloji əhəmiyyətindən danışıb. Qadınların dini radikalizmə qarşı mübarizədə müstəsna xidməti olduğunu bildirən şöbə müdiri gənc nəslin Vətənə sevgi, milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasında onların çox böyük rolu olduğunu qeyd edib.
DQİDK-nın əməkdaşı Aysel Abdullayeva cəmiyyətimiz üçün ciddi təhdid olan xurafata zəmin yaradan amillər və onun səbəb olduğu fəsadlar barədə məlumat verib. Xurafatla mübarizədə təhsilin əsas vasitə olduğunu bildirib.
Konfrans müzakirələrlə öz işini yekunlaşdırıb.

Din 2018-12-07 18:37:00