Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Belqradda “Qoşulmama Hərəkatı - ədalət naminə sivilizasiyaları birləşdirən bir model” mövzusunda konfrans keçirilib

Bakı, 6 dekabr, AZƏRTAC
Serbiyanın aparıcı elm-təhsil ocaqlarından biri olan Belqrad Universitetində “Qoşulmama Hərəkatı - ədalət naminə sivilizasiyaları birləşdirən bir model” mövzusunda konfrans keçirilib.
Azərbaycanın Serbiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirin əsas məqsədi 2011-ci ildən ölkəmizin də üzv olduğu Qoşulmama Hərəkatının təsisçi prinsiplərini, ideallarını və məqsədlərini, həmçinin 120 dövlətin üzvü olduğu bu mötəbər təşkilatın qlobal sülh və təhlükəsizlik, iqtisadi inkişaf və sosial tərəqqinin təşviqinə verdiyi töhfələri və ən əsası hərəkatı ədalət naminə sivilizasiyaları birləşdirən bir model olaraq Serbiyada təqdim etməkdir.
Konfrans Qoşulmama Hərəkatına sədrlik edən Venesuelanın Serbiyadakı səfirliyinin təşəbbüsü və 2019-2022-ci illərdə sədrlik edəcək Azərbaycanın Serbiyadakı səfirliyinin fəal təşkilati səyləri nəticəsində keçirilib.
Konfransda Serbiya Xarici İşlər Nazirliyinin rəsmiləri və digər dövlət qurumlarının səlahiyyətli nümayəndələri, Belqradda akkreditə olunmuş diplomatik korpusun üzvləri, Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov və səfirliyimizin əməkdaşları, Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəis müavini Yalçın Rəfiyev, yerli mətbuat nümayəndələri, tələbələr və mövzuya maraq göstərmiş serb vətəndaşları iştirak ediblər.
Tədbiri giriş sözləri ilə Venesuelanın Serbiyadakı səfiri xanım Dia Nader de el Andari, Fələstinin Serbiyadakı səfiri, eyni zamanda, Serbiyada fəaliyyət göstərən diplomatik korpusun duayeni Mohammed Nabhan və Belqrad Universitetinin hüquq fakültəsinin professoru Branko Rakiç açıblar. Dia Nader de el Andari Qoşulmama Hərəkatının son 60 il ərzində keçdiyi inkişaf yoluna nəzər salıb, ölkəsinin bu beynəlxalq təşkilata sədrliyi dövründə görülmüş işlər barədə məlumat verib.
Mohammed Nabhan kəskin ideoloji qarşıdurma dövründə beynəlxalq münasibətlərdə alternativ səs kimi yaradılmış Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi məqsədilə qlobal səylərdə mühüm təşkilata çevrildiyini qeyd edib.
Mohammed Nabhan Hərəkatın əsasını təşkil edən prinsiplərin, o cümlədən ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmətin daim aktuallıq kəsb etdiyini xüsusi bildirib. O, müasir dünyada gərginliyin artdığını qeyd edib, beynəlxalq sülhün və təhlükəsizliyin təşviqi üçün müxtəlif xalqlar və mədəniyyətlər arasında fəal dialoqun aparılmasının vacib olduğunu bildirib.
Sonra tədbirdə məruzəçi qismində iştirak edən Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəis müavini Yalçın Rəfiyev Qoşulmama Hərəkatının tarixi və inkişafı, beynəlxalq münasibətlərdə hazırkı rolu və onun qlobal gündəliyin icrasına töhfəsi, həmçinin gələcəyi barədə çıxış edib. O, Soyuq Müharibənin bitməsinə rəğmən Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə unikal rolunun davam etdiyini bildirib, 1955-ci ildə Bandunq Konfransında qəbul edilmiş 10 Təsis Prinsipinin, o cümlədən bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin aktuallığını xüsusilə vurğulayıb.
Y.Rəfiyev Azərbaycanın Qoşulmama Hərəkatına töhfəsi, o cümlədən “Davamlı İnkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda 2018-ci il 5-6 aprel tarixlərində Bakıda keçirilmiş xarici işlər nazirlərinin 18-ci aralıq konfransı haqqında danışıb, 2019-2022-ci ildə ölkəmizin sözügedən beynəlxalq təşkilata sədrlik edəcəyini deyib. O, 2019-cu ildə Azərbaycanın Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının Sammitinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Qeyd edilib ki, bu gün Avropa qitəsində cərəyan edən proseslər Qoşulmama Hərəkatının prinsip, məqsəd və məramlarının Avropada da təşviq edilməsinin vacibliyini gündəmə gətirir.
Daha sonra Y.Rəfiyev Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyinin prioritetlərini konfrans iştirakçılarına təqdim edib.

Siyasət 2018-12-06 21:03:00