Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Erkən ailə qurmuş qızların təhsildən uzaqlaşması qadın zorakılığına şərait yaradır

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Qadınlar Şurasının təşkilatçılığı ilə Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr edilmiş “Cəmiyyətimizdə qadın zorakılığı qəbuledilməzdir!” mövzusunda tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Qadınlar Şurasının sədri Luiza Salayeva tədbirin əhəmiyyətindən, qadın zorakılığının istənilən dövrdə və istənilən ölkədə cəmiyyət üçün bir bəlaya çevrildiyindən söhbət açıb.
Tədbirdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının əməkdaşı Zeynəddin Şabanovun “Müasir dövrdə zorakılıq və ayrı-seçkilik hallarının aradan qaldırılması prioritet məsələdir”, Coğrafiya İnstitutunun elmi işçisi Solmaz Rzayevanın “Qadın zorakılığının QİÇS-ə gedən yolu” mövzularında məruzələri dinlənilib.
AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə bu kimi tədbirlərin keçirilməsinin zəruriliyini vurgulayıb.
AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi İradə Zarqanayeva “Gender İslam işığında” mövzusunda məruzə ilə çıxış edib. O, xalqımızın milli-mənəvi dəyərlərinin həm də İslam dəyərləri ilə bağlı olduğunu, İslam dininin qadın hüquqlarına böyük önəm verdiyini və hər cür zorakılığın əleyhinə olduğunu diqqətə çatdırıb, dini maarifləndirmə işlərinin aparılmasını ön plana çəkib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, bəzi hallarda qadınlara qarşı zorakılıq onların bir çoxunun öz hüquqlarını bilməməsi səbəbindən irəli gəlir. Erkən nikahların qadın zorakılığının əsas səbəblərindən biri olduğu, gənc yaşlarda ailə qurmuş qızların əksər hallarda təhsildən, məktəbdən uzaqlaşdığı və bunun qadın zorakılığına şərait yaratdığı diqqətə çatdırılıb. Qadına qarşı zorakılığın qarşısının alınmasında KİV-lərin, xüsusilə də televiziyanın rolu və vəzifələri xüsusi qeyd edilib.

Elm və təhsil 2018-12-06 19:46:00