×
A
A
A
Sazlamalar

Elmar Məmmədyarov: Azərbaycan torpaqlarının işğalı Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək

Bakı, 6 dekabr, AZƏRTAC
ATƏT məkanında mövcud münaqişələr sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır. Azərbaycanın prinsipial mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinə əsaslanır.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında çıxışı zamanı bildirib.
Nazir deyib: “Vyanada keçirilmiş Nazirlər Şurasının sonuncu sessiyasından indiyədək biz Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində heç bir konkret irəliləyiş görməmişik. Əfsuslar olsun ki, gücdən istifadə etməklə ərazilərin ilhaqının yolverilməzliyi, beynəlxalq hüququn ciddi pozulması ilə nəticələnmiş vəziyyətin tanınmaması öhdəliyi və bu vəziyyətin saxlanılmasına köməklik və ya yardım göstərilməsindən çəkinmək kimi fundamental prinsiplər vasitəçi ölkələr tərəfindən selektiv tətbiq olunur.
Eyni zamanda, biz danışıqlar formatının sual altına alınması ilə bağlı Ermənistanın davamlı cəhdlərini müşahidə etdik. Diasporunun fəal dəstəyi ilə Yerevan yüz minlərlə azərbaycanlı məcburi köçkünün, onların doğma yurd-yuvalarına qayıtmaq hüququ da daxil olmaqla insan hüquqlarının pozulması, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki xarakterinin dəyişdirilməsi ilə bağlı qeyri-qanuni təcrübəsini davam etdirir. 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını kobudcasına pozan Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşmanı və digər fəaliyyətlərini davam etdirməkdədir. İşğal olunmuş ərazilərdə qeyri-qanuni hərbi və mülki infrastrukturun yaradılması da daxil olmaqla Ermənistan tərəfinin qanunsuz fəaliyyəti onun işğalı möhkəmləndirmək və baş vermiş faktla (fait accompli) üz-üzə qoymaq məqsədi daşıyan niyyətini və sistemli siyasətini nümayiş etdirir. Bu addımlar, xüsusilə də Ermənistanın imtina etməsi səbəbindən Azərbaycanın işğal olunmuş ərazilərinə faktaraşdırıcı qiymətləndirmə missiyasının göndərilməsində uğursuzluq, sülh prosesində etimada xələl gətirir”.
Elmar Məmmədyarov qeyd edib ki, ATƏT-ə üzv dövlətlərin ərazilərinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı olan bu qanunsuz fəaliyyətlər üçün istifadə olunması tamamilə qəbuledilməzdir. Bu, müvafiq mandatlara, ATƏT-in əsas prinsiplərinə, öhdəliklərinə və qərarlarına ziddir.
BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktının prinsipləri, ATƏT-in qərarları və sənədləri münaqişənin həllinin və Minsk Konfransının həmsədrlərinin mandatının əsasını təşkil edir. BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələr işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını və qarşılıqlı addım kimi kommunikasiya və nəqliyyat əlaqələrinin açılmasına və məcburi köçkünlərin evlərinə qayıtmasına yardım göstərməyi tələb edir. Bu yanaşmanın əsas konsepsiyası münaqişənin nəticələrini aradan qaldırmağa, digər siyasi məsələlərin isə Minsk Konfransı çərçivəsində davam edən danışıqlar vasitəsilə həllinə əsaslanır.
“Azərbaycan hesab edir ki, sülhə, sabitliyə və qarşılıqlı faydalı regional əməkdaşlığa alternativ yoxdur və o, münaqişənin qısa zamanda siyasi həllində ən maraqlı tərəfdir. Münaqişənin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Azərbaycan torpaqlarının hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək”, - deyə nazir vurğulayıb.
Dekabrın 5-də ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə çox mühüm və faydalı məsləhətləşmələrin keçirildiyini qeyd edən nazir deyib: “İl ərzində ilk dəfədir ATƏT-in Minsk qrupunun həmsədrləri, Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən birgə bəyanatı razılaşdırmağa nail olduq. Ən vacib məqamlardan biri əlbəttə ki, intensiv və nəticəyə yönəlik, o cümlədən yüksək səviyyədə danışıqların aparılmasıdır. Hesab edirəm ki, Ermənistanda seçkilər yekunlaşdıqdan və yeni hökumət formalaşdıqdan sonra biz gələn il ciddi irəliləyiş əldə etməli və bölgəyə sülh, sabitlik və tərəqqinin gətirilməsi imkanını yaratmalıyıq”.

Xarici siyasət 2018-12-06 18:41:00