×
A
A
A
Sazlamalar

Müasir dövrdə xəstəliklərin əlamətləri dəyişib

Bakı, 4 dekabr, AZƏRTAC
İyirmi-otuz il əvvəl apendisitin əlamətlərinə görə diaqnoz asan və dəqiq qoyulurdu. Hətta buna “tələbə diaqnozu” da deyilirdi. İndi isə xəstəliyin simptomları dəyişib. Belə ki, apendisit ilə gələn xəstələrdə əvvəlki dövrə nəzərən əlamətlərin yarısı demək olar fərqlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının II cərrahi xəstəliklər şöbəsinin müdiri, tanınmış cərrah, professor Xaləddin Musayev deyib.
Həkim bildirib ki, xəstəliklərin əlamətlərinin dəyişməsi bir çox amillərdən asılıdır. İnsanların gərək olmadığı vaxtda belə antibiotik qəbul etməsi, səhhətlərinə səhlənkar yanaşması həmin amillər sırasındadır. Həmçinin pasiyentlər həkimə gec, yəni yalnız tibbi müdaxiləyə ehtiyac qalanda müraciət edirlər.
O, həmçinin deyib: “Bu gün geni dəyişdirilmiş qida məhsullarının çoxalması, xüsusilə də gənclərin onlardan istifadə etməsi bir çox xəstəliklərə yol açır. Bunlara fast-fud, dönər, şokolad və s. misal göstərmək olar. Belə qidaların görünüşü insanda iştaha yaratsa da, mədə-bağırsaq traktında ciddi dəyişikliyə səbəb olur. İstənilən xəstəliyin əsasında genetik kod dayanır. Yəni nəsildə hər hansı bir xəstəlik varsa, o, genetik olaraq nəsildə yayılır. İndi isə gənclər tərəfindən belə qidaların daha çox qəbulu genetik kodla olan xəstəliyin patoloji zəncirinin inkişafına rəvac verir. Nəticədə müxtəlif xəstəliklər erkən yaşlarda özünü büruzə verməyə başlayır. Ona görə də bir çox xəstəliklərə səbəb olan mədə-bağırsaq problemlərinin qarşısını almaq üçün qidalanmamıza diqqət yetirməliyik”.

Sağlamlıq klubu 2018-12-04 18:23:00