×
A
A
A
Sazlamalar

BMT baş katibinin müavini Balaxanı Sənaye Parkında olub

Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan BMT baş katibinin müavini, təşkilatın Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olqa Alqayerova Balaxanı Sənaye Parkının fəaliyyəti ilə tanış olub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Təmiz Şəhər" ASC-nin idarə heyətinin sədri Etibar Abbasov BMT baş katibinin müavininə qurumun fəaliyyəti, ölkəmizdə qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlər, sənaye parkları və zonalarında investorlar üçün yaradılmış imkanlar barədə məlumat verib. Bildirib ki, təkrar istehsal sahəsinə maraq göstərən sahibkarlar üçün əlverişli şəraitin yaradıldığı Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, kağız-karton, plastik məmulatların, süngər tullantılarının təkrar emalı sahələri üzrə 5 rezident fəaliyyət göstərir. Daha 11 növ istehsal sahəsi üzrə qeydiyyata alınmış 9 rezident yaxın zamanda fəaliyyətə başlayacaq.
O.Alqayerova ölkəmizdə sənayenin davamlı inkişafının təmin edilməsində sənaye parklarının önəmini vurğulayıb, Balaxanı Sənaye Parkının işini yüksək qiymətləndirib.

Sənaye 2018-12-01 12:17:00