×
A
A
A
Sazlamalar

Avtomobil yollarında hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək üçün tədbirlər planı hazırlanıb

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq, payız-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə agentliyin mərkəzi aparatında və respublikanın avtomobil, həmçinin Bakı şəhər yollarına və yol qurğularına xidmət edən idarə və müəssisələrdə qərargah yaradılaraq, sutkalıq növbətçilik təşkil edilib.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Məhdud Məsuliyyətli Cəmiyyətlərin xidmət etdikləri avtomobil yollarının 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və 2018-2019-cu illərin payız-qış mövsümündə Bakı yollarında enişli-yoxuşlu və sərt döngələrə malik 30 marşrut üzrə qardan-buzdan təmizlənməsi üçün tədbirlər planları təsdiq edilmiş (Böyükşor qovşağından başlayaq bütün şəhər ətrafı qəsəbələr üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, şəhərdaxili avtomobil yolları üzrə isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən), Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə fəaliyyət barədə razılıq əldə olunub.
2018-2019-cu ilin qış mövsümündə Bakıda 257 ədəd maşın-mexanizmlərin (21 ədəd avtoqreyder, 34 avtoyükləyici, 131 yükünü özüboşaldan, 16 qum səpən, 6 qar yükləyən, 19 ekskavator, 22 yol süpürən və 14 su maşını) qış mövsümündə işləməsi üçün saz vəziyyətə gətirilib, yanacaq-sürtkü materialları ehtiyatı yaradılıb, sürüşməyə qarşı zəncirlər alınıb. Respublikanın avtomobil yollarına xidmət göstərilməsi üçün də 700-dək maşın-mexanizm hazır vəziyyətə gətirilib.
Bundan başqa, mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyatının toplanması işləri aparılıb. Mailliyi böyük olan sahələrə və sərt döngələrə səpilməsi üçün nəzərdə tutulmuş qum və duz qarışığından ibarət ehtiyatlar yığılıb. Təkcə Bakı yollarında buzla mübarizə məqsədilə 1890 ton duz ehtiyatı yaradılıb, bu işlərə ümumilikdə 1100 nəfər işçi cəlb edilməsi nəzərdə tutulub.
Eyni zamanda, qış mövsümündə yollarda işləyən işçilərin isti paltar, ayaqqabı və digər zəruri əşyalarla təmin edilməsi və qızınma məntəqələrinin yaradılması təşkil edilib.
Payız-qış mövsümünə hazırlıq məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi və mövcud nöqsanların aradan qaldırılması, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri aparılıb.

Tikinti̇ 2018-12-01 11:03:00