×
A
A
A
Sazlamalar

Azərbaycanlı musiqiçilər: Fəxr edirik ki, xalq musiqimizi Yaponiyada təmsil etmək bizə həvalə olunmuşdu

Tokio, 30 noyabr, AZƏRTAC 

Fəxr edirik ki, TÜRKSOY-un 25 illiyinə həsr olunan Yaponiya turnesində qədim və zəngin Azərbaycan xalq musiqisini təmsil etmək bizə həvalə edilmişdi.
Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin tərkibində bu Gündoğar ölkəyə səfər edən azərbaycanlı musiqiçilər - muğam televiziya müsabiqəsinin laureatı Babək Quliyev, Ruslan Zərbəliyev (tar), beynəlxalq müsabiqələr laureatı Şəhriyar Musayev (kamança), Azərbaycanın Əməkdar artisti Çinarə Heydərova (kanon) və Elnur Əliyev (nağara) bildiriblər.
Yaponiya turnesi barədə təəssüratlarını bölüşən Babək Quliyev deyib ki, artıq neçə ildir TÜRKSOY-un xalq çalğı alətləri orkestri ilə əməkdaşlıq edirlər. Dünyanın bir çox ölkələrində turnelərdə çıxış etdiklərini deyən musiqiçimiz Yaponiya turnesinin də çox uğurlu alındığını bildirib. Qeyd edib ki, digər türkmənşəli musiqi nömrələri ilə yanaşı, Azərbaycan musiqisi də yapon tamaşaçılar tərəfindən böyük maraqla, alqışlarla qarşılandı. İstər digər musiqi nömrələri, istərsə də qala konsert üçün hazırladığımız üç muğama keçiddən ibarət olan xüsusi kompozisiya tamaşaçıların böyük rəğbətinə səbəb oldu: “Tokio İncəsənət Universitetindəki çıxışımızı xüsusi qeyd etmək istəyirəm. Burada konserti izləmək üçün həmyerlilərimizlə bərabər digər türkdilli xalqların nümayəndələri də gəlmişdilər. İfa zamanı mən qəzəlin sözlərini dəyişərək ana dilim ölən deyil, başqa dilə çönən deyil, əvəzinə muğamatım ölən deyil, türkün dili ölən deyil kimi oxudum. Bu, zalda toplaşan tamaşaçıların böyük rəğbəti ilə qarşılandı və gurultulu alqışlara səbəb oldu”.
B.Quliyev vurğulayıb ki, turnedən sonra o, Azərbaycan milli musiqisini Yaponiyada tanıtmaq üçün böyük məmnuniyyətlə milli xalq çalğı alətləri ansamblının tərkibində bu ölkəyə səfər etmək arzusundadır.
İncəsənət Universitetində master-klasda iştirak etdiklərini xatırladan tarzən Ruslan Zərbəliyev isə bildirib ki, burada Süleyman Ələsgərovun “Daimi hərəkət” əsərini ifa ediblər. Bildirib ki, həmin əsərdə olan muğam məqamlarına - “Küştər”, “Çahargah”, “Segah” və “Bayatı-şiraz”a keçidlər yaponlar üçün çox maraqlı oldu. Hamamatsu şəhərində Dünya Musiqi Alətləri Muzeyi barədə təəssüratlarını bölüşən R.Zərbəliyev bildirib ki, burada Amerika, Afrika və Avropa xalqlarının musiqi alətləri olduğu halda, Azərbaycan milli alətlərinin olmaması bir musiqiçi kimi onları çox kədərləndirdi. Vurğulayıb ki, dünya xalqlarının milli musiqi alətlərindən heç də geri qalmayan Azərbaycan alətlərini həmin muzeydə görmək onun ən böyük arzusu olacaq.
Əməkdar artist Çinarə Heydərova isə deyib ki, türk xalqlarının TÜRKSOY-da birləşərək milli musiqi alətləri orkestrini yaratması onun üçün çox böyük qürurverici haldır. Böyük türk xalqının qədim və zəngin mədəniyyətini bütün dünyaya tanıdan belə bir orkestrdə olması onun üçün böyük fəxrdir. Qeyd edib ki, artıq 25 ildir türk xalqlarının vahid bir qurumda birləşməsi, Yaponiyaya qədər səs salması türkün böyüklüyünü birbaşa təsdiq edir: “Çox şadam ki, Azərbaycan da bu qurumun tərkibindədir və biz vahid bir ailənin ayrılmaz hissəsiyik”.
Türk xalqlarının milli musiqi alətləri arasında Azərbaycan alətlərinin xüsusi yer tutduğunu vurğulayan Ç.Heydərova bunun digər tükmənşəli musiqiçilər tərəfindən də etiraf olunduğunu deyib. Qeyd edib ki, ən mükəmməl alətlər, ifalar, musiqi əsərləri məhz bizim xalqımıza məxsusdur. Bu, Azərbaycanın böyüklüyünü, onun musiqi mədəniyyətinin zənginliyini bir daha təsdiq edir. Azərbaycan ilə Yaponiya arasında sürətlə inkişaf edən əlaqələr isə deməyə əsas verir ki, yalnız bizim musiqi alətləri deyil, eyni zamanda, musiqi əsərlərimiz də tezliklə bu ölkənin muzeylərində, konsert salonlarında öz layiqli yerini tutacaq.
Sənət yoldaşları ilə eyni fikirdə olduğunu qeyd edən Şəhriyar Musayev isə bildirib ki, TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin təşkilatın 25 illiyinə həsr edilən konsertləri ABŞ-dan başlanıb. Vaşinqton, Nyu-York şəhərlərində silsilə konsertlərin yerli tamaşaçılar tərəfindən böyük maraqla qarşılandığını xatırladan Ş.Musayev bundan sonra qardaş Türkiyəyə səfərlərini, Ankara, İstanbul, Malatya, Bolu və Bursa şəhərlərində, Şimali Kipr Türk Respublikasında çıxışlarını da qeyd edib. Bildirib ki, Azərbaycan musiqisini həm də Yaponiyada təmsil etmək, milli musiqimizə xidmət göstərmək onun üçün böyük fəxr, şərəf hissidir: “Ümid edirəm ki, tezliklə qədim və zəngin Azərbaycan musiqisini yenidən yapon musiqisevərlərə təqdim etmək bizə qismət olacaq”.
Azərbaycan musiqisinə dünyanın hər yerində böyük marağın olduğunu vurğulayan Elnur Əliyev bildirib ki, Yaponiyada da milli musiqi alətlərimizə, musiqiçilərimizin ifasına xüsusi diqqətin şahidi olub. İstər yaponlar, istərsə də bu ölkədə yaşayan digər xalqların nümayəndələri həm tara, həm kamançaya, həm kanona, həm də nağaraya, onların çıxardığı səslərə böyük maraq göstərdilər. Xüsusən Babəkin ifa zamanı çıxardığı səslər yapon musiqiçiləri, sözün həqiqi mənasında, çox heyrətləndirdi. Onlardan bəziləri hətta Babəkin boğazına baxaraq orada nə isə olduğunu soruşdular. Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə onun da əsərlərinin repertuara daxil edilməsi tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılandı. Yaponların bizim musiqiyə, muğama göstərdiyi diqqət həqiqətən də insanda böyük iftixar hissi yaradır, bizə qürur verir. Bundan sonra da çalışacağıq ki, Azərbaycan musiqisini dünyanın hər bir yerində layiqincə təmsil edək.
Konsertlərin uğurlu alınmasında əməyi olan hər kəsə minnətdarlığını bildirən E.Əliyev Azərbaycanın Yaponiyadakı səfirliyinin, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin, diasporumuzun üzvlərinin göstərdikləri dəstəyi xüsusi qeyd edib. Vurğulayıb ki, qədim və zəngin Azərbaycan xalq musiqisini Yaponiyada təmsil etmək orkestrin tərkibində olan azərbaycanlı musiqiçilərin hər birində böyük iftixar hissi doğurub.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Mədəniyyət 2018-11-30 20:39:00