×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya

Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 23 noyabr tarixli
Sərəncamı ilə təsdiq edilmişdir
 
 1. Giriş

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 53 nömrəli Fərmanına əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında yaradılmış Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının fəaliyyəti nəticəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 2001-ci il 1 sentyabr tarixində qüvvəyə minmişdir, bununla da Azərbaycanda dövlət qulluğu islahatlarının təməli qoyulmuşdur. Dövlət qulluğu sahəsində həyata keçirilmiş mühüm islahatlar sayəsində Azərbaycan Respublikasında özünəməxsus dövlət qulluğu sistemi formalaşmış və bu sistemdə qabaqcıl beynəlxalq təcrübədən istifadə edilmişdir. İctimai həyatın müxtəlif sahələrində dövlət siyasətini həyata keçirən, vətəndaşların və cəmiyyətin xidmətində olan dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsi, ilk növbədə, bu orqanlarda çalışan dövlət qulluqçularının yüksək peşəkarlığından və vəzifə borcunu məsuliyyətlə yerinə yetirməsindən asılıdır. Bu istiqamətdə Azərbaycan Respublikası müxtəlif beynəlxalq və regional təşkilatlarla, habelə bir sıra beynəlxalq şəbəkələrin üzvü kimi digər dövlətlərin müvafiq qurumları ilə fəal əməkdaşlıq etmiş, müxtəlif beynəlxalq təşkilatların dövlət qulluğu sahəsində tövsiyələrinin icrasını təmin etmişdir.

Bununla yanaşı, Azərbaycan Respublikasının hərtərəfli inkişafı dövlət qulluğunda daha genişmiqyaslı və strukturlu islahatlar yolu ilə dövlət orqanlarının effektivliyinin artırılmasını və dövlət qulluğu sisteminin müəyyən sahələrinin təkmilləşdirilməsini nəzərdə tutan yeni sənədin – dövlət qulluğunun inkişafına dair strategiyanın hazırlanmasını zəruri etmişdir.

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 20192025-ci illər üçün Strategiya” (bundan sonra – Strategiya) dövlət idarəetməsinin ən mühüm institutlarından biri olan dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə əsas hədəfləri və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl, mərhələli tədbirləri müəyyən edən sənəddir.

 2. Strategiyanın əsas məqsədi

Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.

Strategiya dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, onların peşəkarlığının və fəaliyyətinin səmərəliliyinin artırılması, dövlət qulluğunda səriştə (kompetensiya) və mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqi, dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində və bir sıra əlaqəli sahələrdə əsaslı islahatlar aparılmasını nəzərdə tutur.

 3. Dövlət qulluğu sahəsində mövcud vəziyyətin təhlili

 

 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən sonrakı dövrdə dövlət qulluğu sisteminin formalaşdırılması aşağıdakı uğurların əldə edilməsi ilə nəticələnmişdir:

− dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən normativ hüquqi baza yaradılmış;

− status və funksiyalarına uyğun olaraq dövlət orqanlarının kateqoriyaları müəyyən edilmiş, dövlət qulluğu vəzifələrinin təsnifatlar üzrə bölgüsü aparılmış;

− dövlət qulluğuna qəbulun və dövlət qulluğu vəzifələrinin tutulmasının şəffaf həyata keçirilməsi üçün prosedurlar müəyyən edilmiş;

− dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması, intizam məsuliyyətinə cəlb edilməsi və sair prosedurlar qanunvericiliklə tənzimlənmiş;

− dövlət qulluqçularının əməyinin ödənilməsi və sosial təminatı sistemləri yaradılmış;

− dövlət qulluqçularının etik davranış qaydaları müəyyən edilmiş;

− dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ metodiki təminatını həyata keçirən Azərbaycan Respublikasının Dövlət  Qulluğunu İdarəetmə Şurası (bundan sonra – Şura) və həmin sahədə tənzimləməni həyata keçirən qurum yaradılmış;

− dövlət idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması və peşəkarlıq səviyyələrinin artırılması, həmin sahədə elmi tədqiqatlar aparılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yaradılmış;

− dövlət qulluqçuları haqqında mərkəzləşdirilmiş məlumat bazası olan Dövlət Qulluqçularının Reyestri formalaşdırılmış;

− dövlət qulluğu, insan resurslarının idarə edilməsi, etik davranış, korrupsiyaya qarşı mübarizə və digər mövzularda təlim modulları hazırlanmış və mütəmadi təlimlər təşkil edilmiş;

− bir sıra dövlətlərlə və beynəlxalq təşkilatlarla dövlət qulluğunun inkişafına xidmət edən əməkdaşlıq qurulmuşdur.

Dövlət qulluğuna qəbul və dövlət qulluğu vəzifələrinin tutulması sahəsində Azərbaycanın təcrübəsini beynəlxalq təşkilatlar mütərəqqi təcrübə kimi qəbul edir və müxtəlif beynəlxalq platformalar vasitəsilə digər dövlətlərə nümunə göstərirlər.

Dövlət qulluğu sahəsində əldə edilmiş uğurlara baxmayaraq, günümüzün tələbi islahatların yeni mərhələsinin başlanmasını və müasir idarəetmə prinsiplərinə cavab verən, daha peşəkar və səmərəli dövlət qulluğunun formalaşdırılmasını zəruri edir. Həyata keçirilməsi nəzərdə tutulan islahatların əsas istiqamətlərinin və strateji prioritetlərinin düzgün seçilməsi məqsədilə mövcud dövlət qulluğu sisteminin güclü və zəif cəhətləri, onun inkişaf etdirilməsi ilə bağlı imkanlar və təhdidlər müəyyən edilmişdir.

Dövlət qulluğu sisteminin güclü cəhətləri aşağıdakılardır:

− dövlət qulluğu sahəsində geniş qanunvericilik bazasının mövcudluğu;

− Şuranın və dövlət qulluğu sahəsində tənzimləməni həyata keçirən qurumun fəaliyyət göstərməsi;

− vətəndaşların dövlət qulluğuna marağının yüksək olması;

− dövlət qulluğuna qəbulun və dövlət qulluğu vəzifələrinin tutulmasının yüksək standartlara uyğun həyata keçirilməsi;

− dövlət orqanlarında şəffaf prosedurlarla seçilmiş, təhsil səviyyəsi yüksək olan kifayət qədər dövlət qulluqçusunun çalışması.

Dövlət qulluğu sisteminin zəif cəhətləri aşağıdakılardır:

− dövlət qulluğu ilə bağlı qanunvericilikdə bəzi tənzimlənməyən məsələlərin mövcudluğu;

− dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri ilə  dövlət qulluğunun digər elementləri arasında qarşılıqlı əlaqənin olmaması;

− dövlət qulluğu və onun xüsusi növləri arasında qarşılıqlı əlaqənin olmaması;

− dövlət orqanlarında dövlət qulluğu və insan resurslarının idarə edilməsi üzrə peşəkarlıq səviyyəsinin aşağı olması;

− şəffaf prosedurların tətbiq edilmədiyi vəzifələrə işə qəbulda neqativ hallara yol verilməsi;

− həm vəzifə, həm də karyera modellərinə əsaslanan dövlət qulluğu sistemi elementlərinin mövcudluğu.

Dövlət qulluğu sisteminin inkişaf etdirilməsi ilə bağlı imkanlar aşağıdakılardır:

− dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsi üzrə təcrübənin, nailiyyətlərin və peşəkarların olması;

− dövlət qulluğu sahəsində həyata keçirilmiş beynəlxalq layihələrin və onların nəticələrinin ölkəmizin dövlət qulluğu sistemində tətbiqi mexanizmlərinin mövcudluğu;

− Dövlət Qulluğu Məcəlləsinin layihəsinin hazırlanması işinin müəyyən hissəsinin yerinə yetirilməsi;

− Dövlət Qulluqçularının Reyestrinin digər qurumların informasiya sistemlərinə inteqrasiyası nəticəsində dövlət qulluğunun idarəetmə aləti kimi perspektivlərinin genişliyi.

Dövlət qulluğu sisteminin inkişaf etdirilməsi ilə bağlı təhdidlər aşağıdakılardır:

− dövlət orqanları rəhbərlərinin dövlət qulluğuna, bu sahədə qanunvericiliyin düzgün tətbiq edilməsinə, habelə insan resurslarının idarə edilməsinə lazımi səviyyədə diqqət yetirməməsi;

− dövlət qulluğu ilə bağlı bir sıra yeniliklərin tətbiq edilməsi üçün dövlət orqanlarının müvafiq struktur bölmələrinin potensialının aşağı səviyyədə olması;

− dövlət qulluğu haqqında qanunvericiliyin bəzi normalarının tam şəkildə tətbiq edilməməsi.

Strategiyanın hazırlanması zamanı dövlət qulluğunun güclü və zəif cəhətləri, mövcud vəziyyətdə onun inkişafı üçün imkanlar yaradan və təhdid hesab edilə biləcək faktorlar nəzərə alınmışdır.

 4. Dövlət qulluğunun inkişaf prinsipləri

 

Dövlət qulluğu sahəsində həyata keçiriləcək islahatların ümumilikdə ölkəmizdə dövlət idarəetməsinin inkişafı konsepsiyası ilə uzlaşmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafının aşağıdakı əsas prinsipləri müəyyən edilir:

− meritokratiya: dövlət qulluqçularının seçilməsində, qulluqda yüksəlişində və dövlət qulluğu keçməsində bilik, bacarıq, dünyagörüşü və şəxsi keyfiyyətlərin əsas amil kimi rəhbər tutulduğu sistemin qurulması;

− şəffaflıq və hesabatlılıq: dövlət qulluğu sahəsində islahatlar şəffaf həyata keçirilir, bütün tədbirlər barədə ictimaiyyət məlumatlandırılır;

− sistemlilik və planlılıq: dövlət qulluğunun inkişafı üzrə tədbirlər yekun nəticəyə xidmət edən ardıcıl, məqsədyönlü və kompleks islahatlar formasında planlı şəkildə həyata keçirilir;

− innovasiyaların tətbiqi: dövlət qulluğu sahəsində fəaliyyət dövlət idarəetməsində ən son yeniliklərin tətbiqi və innovativ yanaşma ilə həyata keçirilir;

− səmərəlilik: dövlət qulluğunun inkişafı ilə əlaqədar tədbirlərə sərf edilən resurslar əldə edilməsi gözlənilən nəticələrə mütənasib olmalıdır;

− istisnalara yol verilməməsi: dövlət qulluğunun inkişafına dair islahatların həyata keçirilməsi zamanı dövlət qulluqçularına subyektiv amillərdən çıxış edərək üstünlük verilməsi və ya onların hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.

 5. Dövlət qulluğunun inkişaf istiqamətləri

 

 5.1. Dövlət qulluğunda institusional islahatların həyata keçirilməsi

Hazırda Azərbaycan Respublikasının dövlət qulluğu sistemində həm karyera, həm də vəzifə modellərinə əsaslanan dövlət qulluğu sistemlərinin elementləri yer alır. Son dövrlərdə aparılan islahatlar vəzifə modelinə əsaslanan dövlət qulluğu sisteminin gücləndirilməsinə xidmət etmişdir və bu dəyişikliklər öz müsbət nəticəsini göstərməkdədir. Ümumiyyətlə, dövlət qulluğunda meritokratiyanın daha da gücləndirilməsi, dövlət qulluğunun qeyri-dövlət sektoru ilə rəqabət qabiliyyətinin artırılması, habelə dövlət qulluğu sisteminin sadələşdirilməsi və şəffaflığının artırılması məqsədilə vəzifə modelinə əsaslanan dövlət qulluğu sisteminin inkişafına təkan verən tədbirlər həyata keçirilməlidir.

Dövlət qulluğunda institusional islahatlar aparılması məqsədilə dövlət qulluğu və onun xüsusi növləri, dövlət orqanlarının kateqoriya və iyerarxiyası, struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları, vəzifə adları ilə bağlı bir sıra anlayışlar təhlil edilməli, mütərəqqi sistemin qurulması üçün kompleks təkliflər hazırlanmalıdır.

Dövlət qulluğunun inkişafında, bu sahədə kadr siyasətinin formalaşdırılmasında, dövlət qulluğunun vəziyyətinin və səmərəliliyinin təhlilində, normativ metodiki təminatının həyata keçirilməsində xüsusi rolu olan Şuranın fəaliyyəti gücləndirilməlidir.

Dövlət qulluğunun inkişafına təkan verən əsas amillərdən biri bu sahədə tənzimləməni həyata keçirən qurumun peşəkarlığı və effektivliyidir. Dövlət qulluğu sahəsində idarəetmənin səmərəliliyini artırmaq məqsədilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – Mərkəz) fəaliyyəti təhlil edilməli, təkmilləşdirilməsi üçün təkliflər hazırlanmalıdır.

 5.2. Dövlət qulluğunda kadr siyasətinin inkişafı

Dövlət orqanlarında kadr siyasətinin müasir tələblərə uyğun həyata keçirilməsi məqsədilə həmin orqanların rəhbərləri kadr siyasətini fəaliyyətin prioritet sahəsi kimi qəbul etməli, tabeliklərində olan rəhbər vəzifəli şəxslərin insan resursları ilə işə daha çox diqqət yetirmələrini təmin etməli, özlərinin və tabeliklərində olan rəhbər vəzifəli şəxslərin bu sahədə biliklərinin artırılması üçün zəruri tədbirlər görməlidirlər.

Dövlət orqanlarında kadr siyasəti planlı şəkildə həyata keçirilməli və insan resurslarının idarə edilməsi sahəsində şəffaflıq təmin olunmalıdır. Şura və Mərkəz dövlət orqanlarına kadr siyasətinin formalaşdırılması və həyata keçirilməsi ilə bağlı zəruri təşkilati və metodiki kömək göstərməli, rəhbər vəzifəli dövlət qulluqçuları üçün müvafiq sahədə təlimlər təşkil etməlidirlər.

Kadr qurumu aparıcı struktur bölmə olmaqla, dövlət orqanının kadr siyasətinin formalaşdırılmasında fəal iştirak etməli, onun həyata keçirilməsini təmin etməli və insan resurslarının idarə edilməsi ilə həmin orqanın qanunvericiliklə müəyyən edilmiş sahələrdə fəaliyyətinin səmərəliliyinin artırılmasına nail olmalıdır.

Dövlət orqanlarının kadr qurumlarının fəaliyyətini təkmilləşdirmək məqsədilə kadr qurumlarının fəaliyyətini tənzimləyən nümunəvi sənəd – “Dövlət orqanlarının kadr qurumları haqqında Nümunəvi Əsasnamə” hazırlanmalıdır.

 5.3. Dövlət qulluğunda rotasiya

Dövlət qulluqçularının potensialından səmərəli istifadə, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə və dövlət orqanlarının tələbatına uyğun olaraq dövlət qulluqçularının rotasiyası həyata keçirilməlidir. Rotasiyanın səmərə verdiyi sahələr və vəzifələr, onun tətbiqi mexanizmləri qanunvericiliklə müəyyən edilməlidir.

Dövlət orqanlarının rəhbərləri tabeliklərində olan dövlət qulluqçularının, o cümlədən rəhbər vəzifəli dövlət qulluqçularının rotasiyasında maraqlı olmalı, dövlət orqanının fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə bu alətdən qanunvericiliklə müəyyən edilmiş qaydada mütəmadi istifadə etməlidirlər.

Rotasiya zamanı dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və dövlət qulluqçularının regionlarda işləməyə həvəsləndirilməsi məqsədilə kompensasiya və birdəfəlik ödənişlər qanunvericilikdə nəzərdə tutulmalıdır.  

 5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi

Dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəliliyini artırmaq məqsədilə dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modeli tətbiq edilməlidir. Tətbiq ediləcək model dövlət qulluğu vəzifələri üzrə yalnız formal tələbləri deyil, bu vəzifələrin tutulması üçün zəruri səriştələri, onların ölçülməsi və qiymətləndirilməsi mexanizmlərini də müəyyən etməlidir. Səriştə modelinin tətbiqi dövlət qulluğu vəzifələrinin onların fəaliyyət sahələri üzrə qruplaşdırılması və qruplar daxilində vəzifə profillərinin yaradılması ilə müşayiət olunmalıdır.

Səriştə (kompetensiya) modeli bütün dövlət qulluğu vəzifələrini əhatə etməli və ictimaiyyətə açıq olmalıdır. Səriştə (kompetensiya) modeli dövlət qulluğuna qəbul və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı əsas meyar kimi tətbiq edilməlidir. Dövlət qulluğu vəzifəsi iddiasında olan vətəndaşların zəruri səriştələrinin qiymətləndirilməsi məqsədilə test, praktiki tapşırıq, müsahibə və digər qiymətləndirmə alətləri kompleksi hazırlanmalıdır.

 5.5. Dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi

Dövlət qulluqçularının peşəkar səviyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (bundan sonra – Akademiya) dövlət qulluqçularının əlavə təhsili sahəsində fəaliyyəti daha da təkmilləşdirilməlidir. Akademiyada qısamüddətli yenidənhazırlanma və ixtisasartırma proqramlarının sayı və çeşidi artırılmalı, təhsilin müasir metodlarından, elmi-texniki yeniliklərdən istifadə genişləndirilməlidir. Akademiyanın pedaqoji heyətinin nəzəri və praktiki bilikləri, habelə pedaqoji bacarıqları artırılmalıdır. Akademiya dövlət qulluğunda əlavə təhsil sisteminin səmərəliliyinin artırılması məqsədilə Şura və Mərkəz ilə qarşılıqlı fəaliyyət göstərməlidir.

Dövlət orqanlarının nəzdində fəaliyyət göstərən tədris mərkəzlərinin fəaliyyətinin dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə tədbirlər planı hazırlanmalı, dövlət orqanlarının tədris mərkəzlərinin təcrübəsi öyrənilməli və onların gələcək fəaliyyəti ilə bağlı təkliflər hazırlanmalı, tədris mərkəzlərinin fəaliyyətinin əlaqələndirilməsi üçün koordinasiya qurumu yaradılmalıdır.

Dövlət qulluqçularının əlavə təhsilinin maliyyə təminatı sistemi formalaşdırılmalı, o cümlədən dövlət orqanlarının büdcəsində əlavə təhsilin maliyyə mənbələri ayrıca bənddə nəzərdə tutulmalıdır.

Dövlət qulluqçularının peşəkar inkişafının keyfiyyətini artırmaq məqsədilə onların təlimə tələbatının öyrənilməsi mütəmadi qaydada həyata keçirilməli və dövlət qulluqçuları üçün təlim strategiyası hazırlanmalıdır.

 5.6. Dövlət qulluğunun informasiya təminatı və  elektron dövlət qulluğunun inkişaf etdirilməsi

İnformasiya texnologiyalarının nailiyyətləri idarəetmənin bütün sahələrində olduğu kimi, dövlət qulluğunun idarə edilməsində də geniş tətbiq olunmalıdır. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları” təkmilləşdirilməlidir.

Dövlət qulluğunu idarəetmə aləti kimi Reyestrin funksionallığının artırılması məqsədilə onunla digər dövlət orqanlarının (qurumlarının) müvafiq məlumat bazaları arasında qarşılıqlı informasiya mübadiləsi təmin edilməlidir.

Dövlət qulluğunda insan resurslarının daha səmərəli idarə edilməsində əhəmiyyəti olan statistik məlumatların toplanılması qaydası və bu məlumatların məzmunu təkmilləşdirilməli, mütəmadi olaraq statistik toplular hazırlanmalıdır.

Dövlət qulluğu sahəsində dövlət orqanlarının göstərdiyi xidmətlərdən internet vasitəsilə istifadə, habelə bu sahədə kağız sənəd dövriyyəsinin aradan qaldırılması və şəxsi işlərin vahid yanaşma əsasında elektron formada aparılması məqsədilə elektron dövlət qulluğunun inkişafı təmin edilməlidir.

 5.7. Dövlət qulluğunda mütərəqqi motivasiya (həvəsləndirmə) sisteminin yaradılması

Dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi, onlar arasında sağlam rəqabətin formalaşdırılması, dövlət qulluğunun qeyri-dövlət sektoru ilə rəqabət qabiliyyətinin artırılması, digər sahələrdə çalışan mütəxəssislərin dövlət qulluğuna cəlb edilməsi və ümumilikdə dövlət qulluğunun iş yeri kimi cəlbediciliyinin artırılması məqsədilə dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi təkmilləşdirilməlidir. Əməkhaqqı sistemi, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələrindən asılı olaraq, pilləli şəkildə dövlət məvacibinin artırılması imkanlarını nəzərdə tutmalıdır.

Əməkhaqqı sistemi dövlət qulluğunda insan resurslarının mobilliyini, rotasiyasını, daha səmərəli və uzunmüddətli fəaliyyətini stimullaşdırmalıdır. Dövlət qulluqçularının əməkhaqları ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə uyğun olaraq optimal məbləğdə müəyyən edilməlidir.

 5.8. Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və icrasına nəzarət

Dövlət orqanlarında dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinin vəziyyəti mütəmadi olaraq öyrənilməli, dövlət qulluğuna dair qanunvericiliyin icrasına nəzarət mexanizmləri müəyyən edilməli, aşkarlanmış pozuntu və çatışmazlıqların təhlili əsasında dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər hazırlanmalıdır.

Hazırda dövlət qulluğuna dair normativ hüquqi aktların çoxluğu və müəyyən pərakəndəliyi onların düzgün tətbiq edilməsində çətinlik törədir, qanunvericilikdə mütəmadi dəyişiklik edilməsi zərurəti yaradır. Bu səbəbdən dövlət qulluğu sahəsində vahid qanunvericilik aktının – Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin qəbul edilməsi zəruridir.

 5.9. Dövlət orqanlarının struktur bölmələrinin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi

Dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə struktur bölmələrinin fəaliyyətinin qiymətləndirilməsi sistemi formalaşdırılmalı, qiymətləndirmənin nəticələri həmin bölmələrin rəhbərlərinin və əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi nəticələri ilə müqayisə edilməli və bu yolla qiymətləndirmənin obyektivliyinin və peşəkarlığının təmin edilməsi mexanizmləri yaradılmalıdır.

Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin əhəmiyyətini artırmaq məqsədilə qiymətləndirmə nəticələrinin əməkhaqqı, qulluqda yüksəliş, rotasiya, əlavə təhsil və dövlət qulluğunun digər elementləri ilə əlaqələndirilməsi həyata keçirilməlidir.

Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı müasir metodlardan geniş istifadə edilməli, qiymətləndirməni həyata keçirən şəxslərin bu sahədə bilik və bacarıqlarının artırılması üçün mütəmadi təlimlər təşkil edilməlidir.

 5.10. Dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqinin təkmilləşdirilməsi

Dövlət qulluqçularının etik davranışı korrupsiyaya qarşı mübarizədə əsas alətlərdən biri olmaqla, dövlət qulluğuna ictimai etimadın və vətəndaş məmnunluğunun artırılmasında mühüm rol oynayır. Dövlət qulluqçuları vəzifə funksiyalarının icrası zamanı bu qaydaları və bu sahədə müəyyən edilmiş dəyərləri rəhbər tutmalı, dövlət orqanlarının rəhbərləri davranışları ilə tabeliyindəki dövlət qulluqçularına nümunə olmalı, etik qaydaların tələblərinə onların əməl etməsini təmin etməlidirlər.

Etik qaydalar üzrə mütəmadi və davamlı təlimlər keçirilməlidir. Bu təlimlərə xüsusilə rəhbər vəzifəli dövlət qulluqçuları və dövlət qulluğuna yeni qəbul olunan şəxslər cəlb edilməlidirlər.

Dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsi təsis edilməlidir.

 6. Strategiyanın həyata keçirilməsi və icrasının monitorinqi

 

Strategiyanın icrası 2019−2021-ci və 2022−2025-ci illəri əhatə edən iki fəaliyyət planının həyata keçirilməsi ilə təmin edilir.

Fəaliyyət planları Strategiyada nəzərdə tutulan əsas inkişaf istiqamətləri üzrə müvafiq hədəfləri, həmin hədəflərə çatmaq üçün həyata keçirilməsi tələb olunan konkret tədbirləri, icraçıları və müddətləri əks etdirir. 

Bu Strategiyanın icrasının monitorinqini Mərkəz aparır. Monitorinqin keyfiyyətinin təmin edilməsi məqsədilə Mərkəz fəaliyyət planlarında nəzərdə tutulan tədbirlər üzrə indikativ göstəricilər, hesabat formaları hazırlayır və tədbirlərin nəticələri müvafiq indikativ göstəricilər vasitəsilə qiymətləndirilir.

Fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə məlumatlar ildə bir dəfə ümumiləşdirilmiş hesabat formasında Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

 7. Strategiyanın maliyyələşdirilməsi

 

Bu Strategiyanın icrası ilə bağlı tədbirlər Azərbaycan Respublikasının dövlət büdcəsindən və qanuna zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

 8. “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın

2019−2021-ci illərdə icrası üzrə

Fəaliyyət Planı

Sıra

№-si

Tədbirlər

Hədəflər

İcraçılar

İcra müddəti

8.1. Dövlət qulluğunda institusional islahatların həyata keçirilməsi

8.1.1.

Dövlət qulluğu sistemi ilə bağlı əsas anlayışların müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi ilə bağlı təkliflər hazırlanması

dövlət qulluğu və onun xüsusi növləri ilə bağlı bir sıra anlayışların dəqiq müəyyən edilməsi və qanunvericilikdə yaranan anlaşılmazlıqların aradan qaldırılması 

NK,

ƏN,

DİM

2019

8.1.2.

Dövlət orqanlarının kateqoriya və iyerarxiyasının sistemli şəkildə müəyyən edilməsi üzrə təkliflər hazırlanması

dövlət orqanlarının kateqoriya və iyerarxiyası sisteminin təkmilləşdirilməsi

NK,

ƏN,

DİM

2019

8.1.3.

Dövlət orqanlarının struktur bölmələrinin növlərinə və yaradılması qaydasına dair təkliflər hazırlanması

dövlət orqanlarının struktur bölmələrinin yaradılması, onların növlərinin (adlarının) düzgün müəyyən edilməsi, habelə dövlət orqanlarının struktur bölmələrinin vahid sistemə uyğun olaraq formalaşdırılmasının təmin edilməsi

NK,

ƏN,

DİM

2019

8.1.4.

Dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları və vəzifə adları üzrə təkliflər hazırlanması

dövlət qulluğu vəzifələrinin iyerarxiyasının optimallaşdırılması

NK,

ƏN,

DİM

2019

8.1.5.

Dövlət qulluğunda vəzifə modelinə əsaslanan sistemin inkişaf etdirilməsinə dair təkliflər hazırlanması

dövlət qulluğunda şəffaflığın və dövlət qulluğunun qeyri-dövlət sektorla rəqabət qabiliyyətinin artırılması

NK,

ƏN,

DİM

2020

8.1.6.

Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyətinin gücləndirilməsinə dair təkliflər hazırlanması

Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurasının dövlət qulluğu sahəsinin inkişafında daha aktiv rol oynamasının təmin edilməsi

NK

2019

8.1.7.

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu sahəsində funksiyalarının daha səmərəli yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı təkliflər hazırlanması

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu sahəsində funksiyalarının daha səmərəli yerinə yetirilməsinin təmin edilməsi

NK,

DİM

2019

 

 

 

 

 

 

 

 

8.2. Dövlət qulluğunda kadr siyasətinin inkişafı

8.2.1.

Dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modullarının və proqramlarının hazırlanması

rəhbər vəzifəli şəxslərin insan resurslarının idarə edilməsi sahəsində biliklərinin artırılması üzrə təlimlərin davamlılığının təmin edilməsi

DİA,

DİM,

ƏN,
ƏƏSMN

2019

8.2.2.

Dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi ilə bağlı təlimlər keçirilməsi

rəhbər vəzifəli şəxslərin insan resurslarının idarə edilməsi sahəsində biliklərinin artırılması

DİA,
DİM,

dövlət orqanları

2020-ci ildən
mütəmadi

8.2.3.

Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi qaydasının hazırlanması

dövlət orqanlarında kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlar üzrə hesabatların vahid standart üzrə hazırlanmasının təmin edilməsi

NK,

DİM,

ƏN,
ƏƏSMN

2020

8.2.4.

Dövlət orqanlarında kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi

insan resurslarının idarə edilməsi sahəsində planlı fəaliyyətin təmin edilməsi

dövlət orqanları

2021-ci ildən mütəmadi

8.2.5.

Dövlət orqanlarında kadr qurumlarının həmin orqanların  işçilərinin sayına mütənasib olaraq təşkilinə dair təkliflər hazırlanması

dövlət orqanlarında kadrların idarə edilməsi sahəsinə optimal həcmdə resurslar sərf edilməsi

NK,

DİM

2019

8.2.6.

“Dövlət orqanlarının kadr qurumları haqqında Nümunəvi Əsasnamə”nin layihəsinin hazırlanması

kadr qurumlarının insan resurslarının idarə edilməsi sahəsində fəaliyyətinin düzgün və  effektiv təşkil edilməsi 

NK,

ƏN,

DİM

2019

8.3. Dövlət qulluğunda rotasiya

8.3.1.

Dövlət qulluğunda rotasiyanın tətbiqi mexanizmlərinin formalaşdırılmasına dair təkliflər hazırlanması

qanunvericilikdə rotasiyanın tətbiqi mexanizmlərinin müəyyən edilməsi

NK,

ƏN,
DİM

2020

8.3.2.

Dövlət qulluqçusunun karyera planının tərtib edilməsinin qanunvericiliklə tənzimlənməsinə dair təkliflər hazırlanması

hər bir dövlət qulluqçusunun potensialından düzgün istifadə edilməsi və inkişafının təmin olunması məqsədilə onun karyerasının planlaşdırılması sisteminin qurulması

NK,

DİM

2020

 

 

 

 

 

 

 

8.3.3.

Mütəmadi rotasiyanın səmərə verdiyi sahə və vəzifələrin müəyyən edilməsi

müəyyən sahələrdə və vəzifələrdə məcburi rotasiya müddətlərinin tətbiq edilməsi

NK,

ƏN, KQMK

2021

 

8.3.4.

Rotasiya olunan zaman yaşadığı regionu dəyişən dövlət qulluqçuları üçün kompensasiya və birdəfəlik ödəniş mexanizmlərinin tətbiqinə dair təkliflər hazırlanması

dövlət qulluqçularının rotasiyası zamanı onların sosial müdafiəsinin gücləndirilməsi

NK,

ƏƏSMN,

MN,

ƏN

2021

8.3.5.

Rotasiya olunan dövlət qulluqçularının ailə üzvlərinin onların köçdüyü regionda işlə, məktəbəqədər təhsil və ümumtəhsil müəssisələrində yerlə təmin edilməsinə dair təkliflər hazırlanması 

rotasiya olunan dövlət qulluqçularının ailə üzvlərinin sosial təminatı və rotasiyanın təşviq edilməsi

NK,

ƏƏSMN

2021

8.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi

8.4.1.

Dövlət qulluğu vəzifələrinin fəaliyyət sahələri üzrə qruplaşdırılması və qruplar daxilində vəzifə profillərinin yaradılmasına  dair təkliflər hazırlanması

dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəliliyini artırmaq imkanlarının genişləndirilməsi

NK,

DİM,

ƏƏSMN

2019

8.4.2.

Səriştə modelinin dövlət qulluğuna qəbul zamanı əsas meyar kimi tətbiq edilməsinə dair təkliflər hazırlanması

dövlət qulluğuna qəbulun təkmilləşdirilməsi

NK,

ƏN,

DİM,

ƏƏSMN, İN

2021

8.4.3.

Səriştə modelinin dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı əsas meyar kimi tətbiq edilməsinə dair təkliflər hazırlanması

dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində effektivliyin artırılması

NK,

ƏN,

DİM, ƏƏSMN

2021

8.4.4.

Dövlət qulluğunda zəruri səriştələrin ölçülməsini və qiymətləndirilməsini həyata keçirən alətlər kompleksi barədə təkliflər hazırlanması

dövlət qulluğu vəzifəsi iddiasında olan vətəndaşların zəruri səriştələrinin qiymətləndirilməsinə imkan verən test, praktiki tapşırıq, müsahibə və digər qiymətləndirmə alətləri kompleksinin yaradılması

NK,
DİM,

DİA

 

2021

8.5. Dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi

8.5.1.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət qulluqçularının peşəkar inkişafı sahəsində fəaliyyətinin  təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında qısamüddətli yenidənhazırlanma və ixtisasartırma proqramlarının sayının və çeşidinin artırılması, təhsilin müasir metodlarından, elmi-texniki yeniliklərdən istifadənin genişləndirilməsi, pedaqoji heyətin nəzəri və praktiki biliklərinin, habelə pedaqoji bacarıqlarının artırılması

NK,

DİA

2019

8.5.2.

Dövlət orqanlarının tədris mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər planının hazırlanması

Dövlət orqanlarının tədris mərkəzlərinin fəaliyyətinin  dövrün tələblərinə uyğunlaşdırılması

NK,
DİM,
müvafiq dövlət orqanları

2019

8.5.3.

Dövlət orqanlarının tədris mərkəzlərinin fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı təkliflər hazırlanması

dövlət orqanlarının tədris mərkəzləri arasında əməkdaşlığın gücləndirilməsi

NK,

DİM,

müvafiq dövlət orqanları

2020

8.5.4.

Dövlət qulluqçularının əlavə təhsilinin maliyyə təminatı sisteminin formalaşdırılması ilə bağlı təkliflər hazırlanması

dövlət qulluqçularının əlavə təhsilinin maliyyə mənbələrinin müəyyən edilməsi, o cümlədən dövlət orqanlarının büdcəsində əlavə təhsilin maliyyə mənbələrinin ayrıca bənddə nəzərdə tutulması

NK,

MN,

ƏN,

DİM

2019

8.5.5.

Dövlət qulluqçularının təlimə tələbatının öyrənilməsi

dövlət qulluqçularının təlimə tələbatının məqsədyönlü və səmərəli ödənilməsinin təmin edilməsi 

DİM,

DİA

mütəmadi

8.5.6.

Dövlət qulluqçularının təlim strategiyası üzrə təkliflər hazırlanması

dövlət qulluqçularının peşəkar inkişafı sisteminin təkmilləşdirilməsi

NK,
DİM,
ƏN,
DİA

2019

8.6. Dövlət qulluğunun informasiya təminatı və elektron dövlət qulluğunun inkişaf etdirilməsi

8.6.1.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestri-nin aparılması Qaydaları”nın təkmilləşdirilməsi üzrə təkliflər hazırlanması

dövlət qulluqçuları haqqında mərkəzləşdirilmiş məlumat bazasının təkmilləşdirilməsi və məlumatların aktuallığının təmin edilməsi

NK,

DİM,
ƏN,

VXSİDA,

NRYTN,

ƏƏSMN

2019

8.6.2.

Dövlət Qulluqçuları Reyestri ilə digər dövlət orqanlarının (qurumlarının) müvafiq məlumat bazaları arasında qarşılıqlı məlumat mübadiləsinin təmin edilməsi üzrə təkliflər hazırlanması

dövlət qulluğunu idarəetmə aləti kimi Reyestrin funksionallığının artırılmasında prioritetlərin müəyyən edilməsi

NK,

VXSİDA,

DİM,

ƏƏSMN, ƏN,
NRYTN,

müvafiq dövlət orqanları

2019

8.6.3.

Dövlət Qulluqçularının Reyestrinin digər dövlət qurumlarının müvafiq məlumat bazaları ilə qarşılıqlı informasiya mübadiləsinin təmin edilməsi

dövlət qulluğunu idarəetmə aləti kimi Reyestrin funksionallığının artırılması

NK,

VXSİDA,

DİM,

ƏƏSMN, ƏN,
NRYTN,

müvafiq dövlət orqanları

2020

8.6.4.

Dövlət qulluğu ilə bağlı statistik məlumatların toplanılması qaydasının və bu məlumatların məzmununun təkmilləşdirilməsi

dövlət qulluğu sahəsində statistik məlumatların toplanılması keyfiyyətinin və dəqiqliyinin artırılması

DSK,

MN,

DİM

2020

8.6.5.

Dövlət qulluğu sahəsində statistik topluların hazırlanması

dövlət qulluğu sahəsində şəffaflığın və aşkarlığın  artırılması

DSK

 

2021-ci ildən mütəmadi

 

8.6.6.

Dövlət qulluğu sahəsində fəaliyyətin elektronlaşdırılmasına dair təkliflər hazırlanması

dövlət qulluğu sahəsində dövlət orqanlarının göstərdiyi xidmətlərdən internet vasitəsilə istifadənin, kağız sənəd dövriyyəsinin azaldılmasının, şəxsi işlərin vahid yanaşma əsasında elektron formada aparılmasının təmin edilməsi

VXSİDA,

DİM, NRYTN

 

2020

8.7. Dövlət qulluğunda mütərəqqi motivasiya (həvəsləndirmə) sisteminin yaradılması

8.7.1.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələrindən asılı olaraq, pilləli şəkildə dövlət məvacibinin artırılması sisteminin qurulması üçün təkliflər hazırlanması

Dövlət qulluqçularının səmərəli və uzunmüddətli fəaliyyətinin stimullaşdırılması, onlar arasında sağlam rəqabətin formalaşdırılması, dövlət qulluğunun qeyri-dövlət sektoru ilə rəqabət qabiliyyətinin artırılması

NK,

ƏƏSMN,

MN,

DİM

2019

8.8. Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və icrasına nəzarət

8.8.1.

Dövlət qulluğuna dair qanunvericiliyin icrasına nəzarət mexanizmlərinə dair təkliflər hazırlanması

dövlət qulluğuna dair qanunvericiliyin icrasına nəzarət sisteminin təkmilləşdirilməsi və pozuntu hallarının qarşısının alınması

NK,

DİM,
ƏN

2019

8.8.2.

Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin layihəsinin hazırlanması

dövlət qulluğu sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi

NK,

DİM,
ƏN,

ƏƏSMN

2020

8.8.3.

Qanunla müəyyən edilmiş halda dövlət qulluqçularına bərabər tutulan publik hüquqi şəxsin əməkdaşlarının statusunun müəyyən edilməsinə dair təkliflər hazırlanması

qanunla müəyyən edilmiş halda dövlət qulluqçularına bərabər tutulan publik hüquqi şəxsin əməkdaşlarının statusunun müəyyən edilməsi

NK,

ƏN

2019

8.9. Dövlət orqanlarının struktur bölmələrinin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi

8.9.1.

Dövlət orqanlarının struktur bölmələrinin fəaliyyətini qiymətləndirmə sisteminin formalaşdırılmasına dair təkliflər hazırlanması

dövlət orqanlarında idarəetmənin təkmilləşdirilməsi

NK,

ƏN,
DİM

2021

8.9.2.

Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi nəticələrinin qulluqda yüksəliş, rotasiya, əlavə təhsil və dövlət qulluğunun digər elementləri ilə əlaqələndirilməsinə dair təkliflər hazırlanması

dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin idarəetmə proseslərində rolunun artırılması

NK,

DİM,
ƏN,

ƏƏSMN,

MN

2020

8.9.3.

Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlimlər keçirilməsi

dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması

DİA,
DİM,

dövlət orqanları

mütəmadi

8.10. Dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqinin təkmilləşdirilməsi

8.10.1.

Dövlət qulluqçularının etik davranışı mövzusunda təlimlər keçirilməsi

dövlət qulluqçularının, xüsusilə də rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi

DİA,
DİM,

müvafiq dövlət orqanları

mütəmadi

8.10.2.

Dövlət orqanlarında etik müvəkkil vəzifəsinin təsis edilməsinə dair təkliflər hazırlanması

dövlət orqanlarında etik davranış qaydalarına daha ciddi riayət edilməsinin təmin edilməsi

NK,
DİM

2019

8.10.3.

Dövlət orqanında xidməti informasiyanın təqdim edilməsi qaydası layihəsinin hazırlanması

dövlət orqanında xidməti informasiyanın təqdim edilməsi qaydasının müəyyən edilməsi

NK,

ƏN

2020

  ABREVİATURALAR

NK

Azərbaycan Respublikasının Nazirlər Kabineti

ƏƏSMN

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

ƏN

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

İN

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

MN

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

NRYTN

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

DSK

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

VXSİDA

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

DİM

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

KQMK

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyası

DİA

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

 

Sərəncamlar 2018-11-23 18:31:00