×
A
A
A
Sazlamalar

Qafqaz Müsəlmanları İdarəsinin sədri Küveytə səfər edəcək

Bakı, 23 noyabr, AZƏRTAC 

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 25-də Küveytə səfərə yola düşür.
İdarədən AZƏRTAC-a bildiriblər ki, səfər BMT baş katibinin xüsusi məsləhətçisi, İslam Xeyriyyəçilik Təşkilatının direktorlar şurasının sədri Abdallah Əl-Mətuqun şəxsi dəvəti əsasında həyata keçirilir.
Səfər zamanı QMİ sədri Küveyt əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl Sabahın himayəsi ilə keçirilən “Humanitar aksiyaların keyfiyyətinin artırılması naminə effektiv əməkdaşlıq və informasiya mübadiləsi” adlı 8-ci Konfransda iştirak edəcək. Konfrans “Bəşəriyyət aclıq əleyhinə səfərbər olsun” mövzusunda təşkil olunacaq. Bu mövzu ötən ilin fevralında Vaşinqtonda Müsəlman Cəmiyyətlərində Sülh Naminə Forumu tərəfindən keçirilən tədbirdə İslam Xeyriyyəçilik Təşkilatının direktorlar şurasının sədri Abdallah Əl-Mətuq tərəfindən irəli sürülüb. BMT baş katibinin xüsusi məsləhətçisi statusuna malik İslam xeyriyyəçisi A.Əl-Mətuq “Milyon acın doydurulması” humanitar aksiyasına çağırış edib.
Noyabrın 26-da keçiriləcək beynəlxalq konfransda QMİ sədri şeyxülislam A.Paşazadə məruzə ilə çıxış edəcək.

Din 2018-11-23 13:34:00