×
A
A
A
Sazlamalar

Mərakeş saytında azərbaycanlı alimin kitabı haqqında məqalə dərc olunub

Qahirə, 21 noyabr, AZƏRTAC

Mərkəzi Niderlandın paytaxtı Amsterdamda yerləşən Mərakeş-Avropa Mədəniyyət Müəssisəsinin beynəlxalq media saytında Misirdəki səfirliyimizin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Emil Rəhimovun ərəb dilində çap olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” kitabı haqqında məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalənın müəllifi Misirin tanınmış politoloqu, publisist və tədqiqatçısı Məhəmməd Salama qeyd edir ki, E.Rəhimov Azərbaycan xalqının və dövlətinin formalaşması tarixini araşdırıb, milli ideyanın formalaşmasının mərhələlərini aydın təsəvvür etmək, dərindən anlamaq üçün ilk dəfə olaraq antropoloji tədqiqat metoduna üstünlük verib. Bildirilir ki, kitabda Azərbaycan xalqının milli ideyasının formalaşmasının ən mühüm mərhələləri araşdırılır, XIX-XX əsrlərdə, sovet dövründə, xalqın milli eyniliyinin məhvinə cəhdlərin olduğu vaxtda Azərbaycanda milli ideyanın formalaşması mənbələri öyrənilir.
Məqalədə xüsusi vurğulanır ki, müəllif kitabında ümummilli lider Heydər Əliyevin sovet dövründə Azərbaycanın sosial-iqtisadi, mənəvi-mədəni tərəqqisi naminə fəaliyyətinə işıq salır və milli ideyaların reallaşmasında bu dahi şəxsiyyətin tarixi rolunu xatırladır.
Məqalənin sonunda diqqətə çatdırılır ki, bu tədqiqat əsəri tarixçilər, sosioloqlar, politoloqlar, eləcə də humanitar elmlər sahəsində son yenilikləri izləyən insanlar, sosial inkişaf nəzəriyyələri ilə maraqlananlar üçün dəyərli mənbədir.

 

Asya Hacızadə
AZƏERTAC-ın xüsusi müxbiri
Qahirə

CÜMHURİYYƏT - 100 2018-11-21 09:00:00