×
A
A
A
Sazlamalar

Şeyxülislam Allahşükür Paşazadə Almaniya Federativ Respublikasına səfərə yola düşür

Bakı, 16 noyabr, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 17-də Almaniya Federativ Respublikasına səfərə yola düşür.
İdarədən AZƏRTAC-a bildiriblər ki, səfərdən məqsəd Qafqaz Müsəlmanları İdarəsinin nəzdində daimi fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, ölkəmizin Almaniyadakı səfirliyinin, Almaniya-Azərbaycan Forumunun və Berlin Mədəni Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə noyabrın 19-da Berlin şəhərində keçiriləcək “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən Azərbaycanda “Multikulturalizm İli”nin və “İslam Həmrəyliyi İli”nin elan olunmasının ardınca, “Bakı Prosesi”nin 10 illiyi münasibətilə tədbirlərin davamı kimi keçiriləcək Berlin beynəlxalq konfransı dinlərarası və sivilizasiyalararası dialoqun davam etdirilməsinə, müasir dünya üçün narahatlıq doğuran problemlərin aradan qaldırılmasına beynəlxalq ictimaiyyətin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini ortaya qoymaq məramına xidmət edir.
Qırxa yaxın ölkədən 300-dək nümayəndənin iştirak edəcəyi Berlin konfransına dünyanın müxtəlif dini konfessiyalarının rəhbərləri, dövlət, elm və mədəniyyət xadimləri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin himayədarlar və məşvərət şuralarının üzvləri, konfransda təmsil olunan ölkələrin Almaniyadakı səfirliklərinin və beynəlxalq təşkilatların təmsilçiləri qatılacaqlar.
Azərbaycan nümayəndə heyətinə tanınmış dövlət, din və elm xadimləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ölkəmizdəki dini konfessiyaların rəhbərləri daxildir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Almaniya hökumətinin üzvləri, ölkənin tanınmış ictimai-siyasi xadimləri ilə görüşləri nəzərdə tutulur.

Din 2018-11-16 14:38:00