×
A
A
A
Sazlamalar

İstehlak məhsullarının və xidmətlərin qiymətləri 2,4 faiz bahalaşıb

Bakı, 14 noyabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətlərində 0,2 faiz, o cümlədən qeyri-ərzaq mallarının qiymətlərində 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində isə 0,1 faiz bahalaşma qeydə alınıb.
Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyimin, ayaqqabıların, inşaat materiallarının, kiçik elektrik cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, fərdi və planşet tipli kompüterlərin, dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma, paltaryuyan maşınların, kondisionerlərin, tozsoranların, mobil telefonların, fotoaparatların qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib.
Oktyabr ayında sentyabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla, digər ölkələrə sərnişindaşıma, avtomobillərin təmiri, bərbərxana və kosmetoloji xidmətlərin qiymətləri, mənzillərin icarə haqqı, kompüter kurslarında təhsil haqqı bahalaşıb, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişiklik olmayıb.

İqtisadiyyat 2018-11-14 05:57:00