×
A
A
A
Sazlamalar

“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə

Bakı, 14 noyabr, AZƏRTAC
Londonda şahmat üzrə dünya çempionu adı uğrunda mübarizə davam edir.
AZƏRTAC xəbər verir ki, noyabrın 13-də dördüncü partiyada ağ fiqurlarla oynayan Norveç idmançısı Maqnus Karlsen ABŞ təmsilçisi Fabiano Karuana ilə 34-cü gedişdə heç-heçə edib.
Şahmatçılar ilk üç partiyada da xalı yarı bölüblər. Beləliklə, dörd oyunun nəticəsinə görə hesab bərabərdir – 2:2.
Beşinci partiya noyabrın 15-də oynanılacaq.
Noyabrın 28-dək davam etməsi nəzərdə tutulan yarış vaxta klassik üsulla nəzarət edilən 12 partiyadan ibarət olacaq. Hər iki partiyadan sonra bir istirahət günü planlaşdırılır. On iki partiyadan sonra hesab heç-heçə olarsa, tay-brek təyin ediləcək.
Oyunun ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir. Qalib şahmatçıya 600 min, məğlub olana isə 400 min dollar məbləğində mükafat veriləcək.

İdman 2018-11-14 02:11:00