×
A
A
A
Sazlamalar

Siyasi ekspertlər: Bəzi qüvvələr Gürcüstanda sabitliyi pozmaq istəyirlər

Tbilisi, 13 noyabr, AZƏRTAC
Gürcüstanın İnsan Hüquqları üzrə Müvəkkilini (ombudsman) ölümlə təhdid edirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə mətbuata ombudsman Nino Lomdjariya özü məlumat verib.
Ombudsman deyib ki, onun ünvanına anonim məktub gəlib. Məktubda “sənin üçün bir snayper bəs edər” mesajı yazılıb.
Müvəkkil dərhal Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib. Gürcüstan DİN artıq araşdırmaya başlayıb.
Məlumat üçün qeyd edək ki, iki gün əvvəl Gürcüstanda prezidentliyə müstəqil namizəd Salome Zurabişvili də DİN-ə müraciət edib. O da, özünün və övladlarının ölümlə təhdid edildiyini bildirib.
Siyasi analitiklərin fikrincə, Gürcüstanda yüksək vəzifəli şəxsin və prezidentliyə namizədin ölümlə təhdid olunması bəzi qüvvələrin ölkədə prezident seçkilərinin ikinci turu öncəsi daxili sabitliyi pozmağa yönəlmiş cəhddir. Həmin qüvvələr Gürcüstanda sabitliyi pozmaqla regionda vəziyyəti gərginləşdirmək istəyirlər.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2018-11-13 20:12:00