×
A
A
A
Sazlamalar

BMT Banqladeşi rohinca qaçqınlarının repatriasiyası planından imtina etməyə çağırıb

Bakı, 13 noyabr, AZƏRTAC
BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçelet Banqladeşin hakimiyyət orqanlarını 2200 rohinca qaçqınının Myanmaya repatriasiyası planından imtina etməyə çağırıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Mişel Baçeletin insan hüquqları üzrə ali komissarın idarəsinin mətbuat xidməti tərəfindən çərşənbə axşamı günü yayılan bəyanatında bildirilir.
Banqladeş və Myanma ötən ilin dekabrında rohinca qaçqınlarının repatriasiyasına dair saziş imzalayıblar. İnsanların geri qayıtması prosesinə noyabrın 15-də başlanması planlaşdırılıb. Bəyanatda bildirilir ki, öz istəklərinə zidd olaraq Myanmaya qayıtmaq kimi qaçılmaz risklə üzləşən Koks-Bazardakı qaçqınlar arasında qorxu və vahimə hökm sürür. Qaçqınların zorla çıxarılması və ya qaytarılması hüquqi prinsiplərin açıq-aşkar pozulmasıdır.
Ali komissarın sözlərinə görə, Myanma hələ də insan hüquqlarını pozmaqda davam edir. Onun idarəsi Rakhayn ştatında qalan rohincalıların öldürülməsi, yoxa çıxması, məhkəməsiz həbs olunması, ölkə daxilində hərəkət etmələrinə məhdudiyyət qoyulması barədə xəbərlər alır. Ştatın mərkəzi hissəsindəki müvəqqəti düşərgələrdə 130 minədək məcburi köçkün qalır. Onların əksəriyyəti rohinca xalqının nümayəndələridir. Buna görə də hazırda Banqladeşdə olan qaçqınların bir çoxu Myanmaya qayıtmaq istəmir. Zorla qaytarılmağa məruz qalarlarsa, bəziləri hətta intihar edəcəklərini bildirirlər.

Dünya 2018-11-13 20:10:00