×
A
A
A
Sazlamalar

AMEA-nın əməkdaşları “RINOTEX 2018” beynəlxalq sərgisində iştirak ediblər

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdirləri – fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov və texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev Təbrizdə keçirilən Rəb-e-Rəşidi adına VI Beynəlxalq İnnovasiya və Texnologiya Sərgisində (“RINOTEX 2018”) iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində AMEA-nın əməkdaşları beynəlxalq sərginin təşkilatçısı olan İranın Rəb-e-Rəşidi adına Xüsusi Elm və Texnologiyalar Zonasının direktoru, Şərqi Azərbaycan əyaləti valisinin elm və texnologiya məsələləri üzrə nümayəndəsi Əli Cahangiri ilə görüşüblər. Görüşdə İnformasiya Texnologiyaları İnstitutu və sərgidə iştirakçı kimi təmsil olunan ali təhsil və elmi-tədqiqat müəssisələri, bir sıra şirkətlər arasında əməkdaşlıq əlaqələrinin qurulması imkanları müzakirə olunub.
İranın Aqrar Biotexnologiya Elmi-Tədqiqat İnstitutunun Təbrizdəki şimal-şərq və şərq regionu üzrə filialının direktoru Məhəmməd Əmin Hicazi ilə görüşdə bu qurumda yerinə yetirilən elmi-tədqiqat işlərindən danışılıb. Gənc alimlər qonaqları bu elm müəssisəsində aparılan elmi-tədqiqat işləri ilə tanış ediblər.
İranın Şərqi Azərbaycan əyaləti üzrə Azad İslam Universitetinin rektoru Əziz Cavanpur və universitetin professor-müəllim heyəti ilə keçirilən görüşdə isə qurumda həyata keçirilən tədris prosesi və aparılan tədqiqatlar haqqında məlumat verilib. T.Kazımov və F.Ağayev fəaliyyət göstərdikləri institutda reallaşdırılan tədqiqat istiqamətləri və praktiki fəaliyyət barədə görüş iştirakçılarını məlumatlandırıblar.
Daha sonra Şərqi Azərbaycan elm və texnologiyalar texnoparkında, eləcə də Təbriz yaxınlığındakı Azərbaycan Şəhid Mədəni Universitetində (AŞMU) görüşlər təşkil olunub. Universitetin rektoru Həsən Vəlizadə ilə keçirilən görüşdə AŞMU və İnformasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Elm və təhsil 2018-11-13 20:00:00