×
A
A
A
Sazlamalar

Ölkəmizdə istehsal olunan şərab məhsullarının göstəriciləri beynəlxalq üsullar əsasında təhlil olunur

Bakı, 13 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin 15 dekabr 2011-ci il tarixli 1890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın icrası və bu sahəyə göstərilən dəstək və qayğı nəticəsində, üzümçülük və şərabçılıq üzrə yeni nailiyyətlər əldə olunmaqdadır. Bundan əlavə, ölkə başçısının 2018-ci il 3 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” da həmin sahələrin inkişafını stimullaşdırmaq məqsədi daşıyır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) AZƏRTAC-a bildirilib ki, qeyd olunan sahələrdəki inkişaf ölkəmizin sürətlə artan ixrac potensialına da öz müsbət təsirini göstərməkdədir. Hazırda Azərbaycan şərabları dünyanın bir çox ölkələrinə ixrac edilir. Həmin şərab məhsullarının qida təhlükəsizliyi təminatı AQTA-nın tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında həyata keçirilən təhlillərin nəticəsinə uyğun olaraq verilir.
İnstitutun Bakı Regional 1 saylı Sınaq Laboratoriyası şərab məhsulları üzrə ölkənin bu sahədə ən ixtisaslaşmış və qabaqcıl qurumudur. Laboratoriyanın şərab sektoru ən son standartlara uyğun şəkildə qurulub. Belə ki, laboratoriya Türkiyə, Yaponiya, Amerika və Fransanın aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlarla təchiz olunub. Həmçinin şərab sektorunun mütəxəssisləri xarici və yerli təlimlərdə iştirak edərək bu sahə üzrə ixtisaslaşıblar.
Laboratoriyada şərab məhsullarının 20-dən çox göstəricisi Beynəlxalq Üzüm və Şərab Təşkilatının üsulları əsasında təhlil edilir. İki il əvvəl şərab məhsulları üzrə on beş üsul Latviyanın “Latak” Milli Akkreditasiya Bürosu tərəfindən akkreditə olunub.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Fransanın “BİPEA” şirkəti ilə müqavilə bağlayıb. Əməkdaşlıq çərçivəsində hər ay 180-nə yaxın laboratoriya ilə müqayisəli sınaqlar aparılır. Müqayisəli təhlillər zamanı iyirmi göstəricidən 17-si “BİPEA”nın nəticələrinə uyğun gəlib. İnstitut laboratoriya işi keyfiyyətinin daha da artırılması və beynəlxalq akkreditasiyanın həyata keçirilməsi üçün “BİPEA” ilə müqayisəli təhlillərin davam etdirilməsi və sınaq üsullarının sayının artırılmasını nəzərdə tutur.

Sosial 2018-11-13 18:10:00