×
A
A
A
Sazlamalar

III Beynəlxalq Bankçılıq Forumunun əsas mövzuları bank sektorunda son təmayüllər və rəqəmsallaşma problemləri olacaq

Bakı, 13 noyabr, AZƏRTAC
Rəqəmsal inqilab artıq bütün bank sektorunu əhatə edib. Dünyanın maliyyə təşkilatları öz məhsul çeşidləri və xidmətlərinin transformasiyası üzərində iş aparırlar. Noyabrın 15-16-da Bakıda keçiriləcək III Beynəlxalq Bankçılıq Forumunun əsas mövzuları da bank sektorunda son təmayüllər və rəqəmsallaşma problemləri olacaq. Tədbirdə ABŞ, Yaponiya, Çin, Avropa və MDB ölkələrinin 100 təşkilat və nüfuzlu şirkətlərinin nümayəndələri iştirak edəcəklər.
Forumun media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, “Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” mövzusu da tədbirin məramının təzahürüdür. Əcnəbi və yerli spikerlər bankçılıq sahəsində transformasiyanın yeni təmayülləri ilə bağlı məruzə və təqdimatlarla çıxış edəcəklər. Belə ki, xidmətlərin, əməliyyat proseslərinin və təşkilati strukturların genişmiqyaslı rəqəmsallaşdırılması olmadan müasir maliyyə bazarında rəqabət aparmaq mümkün deyil.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq olunub. Dövlət Proqramının strateji məqsədi vətəndaşlar, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişləndirilməsi, nağd dövriyyə həcminin minimuma endirilməsi və nəticədə, bank sektorunda maliyyə resursları bazasının möhkəmləndirilməsidir. Ona görə də çeşidliliyin, keyfiyyətin və rəqəmsal ödənişlər üzrə xidmətlərin institusional və hüquqi baza əsasında, infrastruktur imkanlarının yüksəldilməsi, həmçinin onların kütləvi istifadəsinin təmin olunması yolu ilə genişləndirilməsi ölkəmizdə strateji prioritet olaraq qalır. Rəqəmsal ödənişlərin tətbiqi və istifadəsinin artırılması, həmçinin iqtisadi dövriyyənin şəffaflığının təmin edilməsi nağd vəsaitlərlə bağlı xərclərin, bankların və müəssisələrin əməliyyat xərclərinin azaldılmasına gətirib çıxaracaq ki, bu, öz növbəsində, vergi bazasına çıxış imkanlarının genişləndirilməsinə təkan verəcək, habelə əhalinin və idarələrin maliyyə xidmətlərinə və nəticədə, iqtisadi inkişafa müsbət təsir göstərəcək.
Ödəniş əməliyyatlarının aparılması xidmətlərini həyata keçirən Amerikanın “VISA” transmilli şirkəti 36 min müştərisi arasında rəy sorğusu keçirib. Tədqiqatın məqsədi istifadəçilər arasında mobil ödənişlər və onlayn bankçılığın populyarlığının müəyyən edilməsi olub. Nəticələrə görə, bu xidmətlərdən Danimarkada əhalinin 89 faizi, Türkiyədə 91 faizi, Norveçdə 87 faizi, İsveçdə 86 faizi və İsraildə 87 faizi istifadə edir.
Forumun iştirakçısı olacaq “Penki kontinentai” qrupunun “Penkių kontinentų bankinės technologijos (BS/2)” şirkətinin biznesin dəstəklənməsi üzrə rəhbəri Daniel Fukson deyir: “Son ildə rəqəmsal bankçılıq irəliyə doğru nəhəng addım atıb. Omnikanal yanaşma getdikcə sürətlənir. Müştərilər özləri üçün uyğun olan hər hansı vaxtda və məkanda maliyyə problemlərini həll etmək və banklarla əlaqə yaratmaq istəyirlər”.
Forum çərçivəsində “Bankomatların müştərilərlə qarşılıqlı fəaliyyət vasitəsi qismində rolunun yenidən dəyərləndirilməsi” adlı məruzə ilə çıxış edəcək Daniel Fukson əlavə edib: “Bankomatlar günümüzdə təkcə nağd pul çəkmək və ya valyuta dəyişmək deyil, həm də müştəri ilə qarşılıqlı əlaqə yaratmaq vasitəsidir. Məsələn, istifadəçinin müraciətinin tarixçəsinə uyğun olaraq, müştərinin bir düyməni basmaqla sifariş edəcəyi avtomatik fərdi xidmət paketi hazırlanır (avtomobil krediti, yaxud mənzil ssudası). Bankomatlar müştərini “tanımaqla” yanaşı, uyğun dil variantının seçilməsini, daha çox istifadə olunan əməliyyatların parametrlərini təqdim edə bilər”.
“Penki kontinentai” qrupu forumun qonaqlarına innovativ texnologiya nümunələri, həmçinin valyuta mübadiləsi, ödənişlər və biometrik identifikasiya üçün yeniliklər təqdim edəcək. Hələ on il əvvəl sifət şəklinə görə tanınma elmi tədqiqatların mövzusu idisə, hazırda bu real texnologiyaya çevrilib. Biometriya pin-koddan daha etibarlı identifikasiya metodu hesab olunur.
Rəqəmsal texnologiyalar dövründə biznes artıq məhsulun deyil, müştərinin ətrafında qurulur. Məhz istifadəçi məmnuniyyəti müasir rəqəmsal bankçılığın fərqli xüsusiyyətidir. Beynəlxalq Bankçılıq Forumunda innovativ texnologiya nümunələri və maliyyə sektoru üçün proqram təminatı sərgisi də keçiriləcək.
III Beynəlxalq Bankçılıq Forumunun təşkilatçıları qismində Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi çıxış edirlər. Diskussiyalarda maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarətedici orqanlarının rəhbər şəxsləri, kommersiya banklarının idarə heyətlərinin nümayəndələri, yerli və xarici maliyyə və ictimai təşkilatların rəhbərləri, həmçinin xarici ölkələrin Azərbaycandakı səfirliklərinin təmsilçiləri iştirak edəcəklər.

Maliyyə 2018-11-13 18:10:00