×
A
A
A
Sazlamalar

AzMİU ilə TİKA-nın Azərbaycan nümayəndəliyi arasında əlaqələr genişlənir

Bakı, 13 noyabr, AZƏRTAC 

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) ölkəmizdəki nümayəndəliyi arasında qurulan işgüzar əlaqələr biznes-universitet tərəfdaşlığının ən bariz nümunəsidir. İqtisadi, texniki, sosial, təhsil və səhiyyə sahələri üzrə fəaliyyətlərdə Azərbaycanın dövlət və qeyri-dövlət strukturları ilə əməkdaşlıq qurulmasına xüsusi əhəmiyyət verən bu qurum artıq bir neçə ildir ki, AzMİU ilə səmərəli işgüzar münasibətlər qurub.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, TİKA-nın ölkəmizdəki nümayəndəliyi universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi işinə diqqət və qayğı ilə yanaşaraq, onun müasir avadanlıqlarla təmin edilməsinə dəstək göstərir. Belə ki, bu ilin yanvarında TİKA universitetin memarlıq fakültəsinin müəllim və tələbələrinin istifadəsinə 3D printer hədiyyə edib. Yeni tədris ilində isə TİKA tərəfindən memarlıq fakültəsinin kompüter laboratoriyasına 53 kompüter hədiyyə olunub. Bununla yanaşı, TİKA fakültəni 14 proyektor, 6 smart board, 1ədəd 3D skayner və digər texniki avadanlıqlarla təmin edib.
Bu gün Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri Erkan Özoral, səfirliyin təhsil müşaviri Mahmud Ağırman, TİKA-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Teoman Tiryaki və agentliyin digər nümayəndələri AzMİU-nun memarlıq fakültəsinə baş çəkib, studiya və laboratoriyalarla tanış olublar. Tanışlıqdan sonra onlar fakültənin kollektivi ilə görüşüblər.
Tədbiri AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açaraq qonaqları salamlayıb. Universitetin maddi-texniki bazasının formalaşmasında TİKA-nın dəstəyini vurğulayan rektor buna görə qurumun rəhbərliyinə minnətdarlığını bildirib. Görüşdə səfir Erkan Özoral, TİKA-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Teoman Tiryaki, memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova və türkiyəli tələbələr çıxış ediblər.

Elm və təhsil 2018-11-13 18:04:00