×
A
A
A
Sazlamalar

UNESCO: Əgər dünyanı dəyişmək istəyirsinizsə, əvvəlcə özünüzü dəyişin

Paris, 13 noyabr, AZƏRTAC 

UNESCO-nun “Dünyanı dəyişmək istəyirsinizsə, əvvəlcə özünüzü dəyişin” sloqanına inanıram. Bizim hər birimiz cəmiyyətimizin inkişafında əlimizdən gələni əsirgəməməliyik. Cəmiyyətlərimizdə digər maraqlı tərəflərlə - dövlət və özəl sektorla birlikdə uzunmüddətli həllər üzərində çalışmalı, yeni iş mexanizmləri yaratmalıyıq.
AZƏRTAC xəbər verir ki, bu fikri Parisdə UNESCO-nun baş qərargahında İnternet İdarəçiliyi Forumunun iştirakçısı, Türkiyə Boğaziçi Universitetində təhsil alan, “Video Bilik” startap layihəsinin həmtəsisçisi Sevinc Əliyeva Forumun “İnternet və məşğulluq: gələcək Gen YZ məşğulluq üçün hazırlıq” sessiyasında çıxışında söyləyib.
O, Cənubi Qafqazda gənclər və məşğulluq problemlərindən, internetin əhəmiyyətindən, “Video Bilik” startap layihəsindən bəhs edib. Dünya əmək bazarında getdikcə artan rəqabətdən söz açıb. Bildirib ki, bu gün gənclər əmək bazarının tələblərinə cavab verməlidirlər.
Qeyd edək ki, Paris Sülh Forumunun “Paris Rəqəmsal Həftəsi”nin bir hissəsi olan və UNESCO-nun baş qərargahında keçirilən “Etibarlı internet” adlı İnternet Forumu internet sahəsində dövlət siyasəti məsələlərini müzakirə etmək üçün müxtəlif maraqlı tərəfləri bir arada toplamağa xidmət edir.

 

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Cəmiyyət 2018-11-13 17:45:00