×
A
A
A
Sazlamalar

Xalq şairi ilə görüş

Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xalq şairi, dramaturq, filologiya üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi Nəriman Həsənzadə ilə görüş keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov Nəriman Həsənzadənin həyat və yaradıcılığı barədə məlumat verib. Qeyd olunub ki, N.Həsənzadə bədii yaradıcılığa ötən əsrin 50-ci illərinin sonlarında başlayıb. Onun əsərlərində xalqın həyatı, mənəviyyatı, düşüncələri dolğun əks olunub. N.Həsənzadənin Azərbaycan ədəbiyyatında xüsusi mövqeyi, yaradıcılıq üslubu var. O, böyük zəhmət və çətinliklərlə dolu, lakin şərəfli bir ömür yolu keçib, cəmiyyətdə öz layiqli yerini tutub. Görkəmli şair, əsl ziyalı, müəllim və alim olan N.Həsənzadənin mənalı həyat yolu gənclik üçün örnəkdir. Onun əsərləri xarici mətbuat səhifələrində, məsələn, “Vətənsiz” poeması 2009-cu ildə Rumıniyada, “Nuru Paşa” poeması isə Türkiyədə dərc edilib.
Sonra N.Həsənzadə gənclik illərinin xatirələrini bölüşüb, bədii yaradıcılığından danışıb.
Tanınmış şair, “Xudafərin” jurnalının təsisçisi və baş redaktoru Hüseyn Şərqi N.Həsənzadəyə ən xoş arzularını bildirib.
Görüşdə tələbələr N.Həsənzadənin şeirlərini səsləndiriblər.

Elm və təhsil 2018-11-13 17:34:00