×
A
A
A
Sazlamalar

Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir

Bakı, 13 noyabr, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons noyabrın 13-də Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə İlqar Rəhimov ölkəmizdə paralimpiya hərəkatının mövcud durumu və inkişafı barədə qonağa ətraflı məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində ölkəmizdə paralimpiya hərəkatı sürətlə inkişaf edir.
İ.Rəhimov bildirib ki, Azərbaycan Milli Paralimpiya Komitəsi 1996-cı ildə iki idman növü ilə fəaliyyətə başlayıb. Fəaliyyəti dövründə paralimpiya millimiz 6 Yay Paralimpiya Oyununda iştirak edib. Hazırda komitənin nəzdində 14 yay və 3 qış idman növləri üzrə paralimpiya milli komandaları fəaliyyət göstərir. İdmançılarımızdan 7-si Paralimpiya, 7-si dünya, 17-si Avropa çempionu, 1-i Avropa Oyunlarının, 12-si isə İslam Həmrəyliyi Oyunlarının qalibidir.
Diqqətə çatdırılıb ki, paralimpiya hərəkatının regionlarda sürətli inkişafının təmin edilməsi məqsədilə 2018-ci ildə Gəncədə Azərbaycan Milli Paralimpiya Komitəsinin regional bölməsi yaradılıb. 2017-ci ildə Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası və cari ildə Azərbaycan Boccia İdman Federasiyası fəaliyyətə başlayıb. 2013-cü ildə beynəlxalq təcrübədə ilk dəfə olaraq, Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi (UPK) yaradılıb. Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən idarə olunan UPK-nin məqsədi sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya vasitəsilə cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.
Federasiya prezidenti bildirib ki, 2015-ci ildən başlayaraq hər il respublika üzrə Uşaq Paralimpiya İdman Oyunları keçirilir. Cari il noyabrın 13-də IV Oyunlar başlayıb. Keçiriləcək yarışlara respublikanın müxtəlif regionlarından sağlamlıq imkanları məhdud 130-dan paralimpiyaçı uşaq idmanın 8 növü üzrə mübarizəyə qoşulub. İlk dəfə olaraq, Oyunlarda Gürcüstandan olan uşaqlar da iştirak edirlər. Milli Paralimpiya Komitəsi paralimpiya idman növləri ilə yanaşı, əlil arabasında idman rəqsi, paraşütla tullanma və boulinq qeyri-paralimpiya idman növlərinin inkişafına da dəstək verir.
Endrü Parsons Azərbaycan Milli Paralimpiya Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib. O deyib ki, Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında də lider ölkədir.
Görüşdə 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar geniş müzakirələr aparılıb.

İdman 2018-11-13 17:08:00