×
A
A
A
Sazlamalar

Qida Təhlükəsizliyi Agentliyi: neqativ hallara qarşı aparılan mübarizə daha da gücləndiriləcək

Bakı, 13 noyabr, AZƏRTAC
Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi kimi dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması sağlam sahibkarlıq mühitinin inkişafına səbəb olub.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu qurum ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar dalğasının növbəti mərhələsi kimi qida sahəsində fəaliyyət göstərən hər bir sahibkarlıq subyektinin prosesdə iştirakını təmin etmək və öz fəaliyyətlərini müasir tələblərə uyğun şəkildə həyata keçirmək üçün hərtərəfli dəstək göstərir. Agentlik fəaliyyətə başladığı ilk gündən qida sahəsində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə mütəmadi olaraq görüşlər keçirir, sahibkarları narahat edən problemlər araşdırılır və onların həll yolları müzakirə olunur.
Həmin görüşlərin həyata keçirilməsində əsas məqsədlərdən biri də bu sahədə şəffaflığın təmin olunması, korrupsiya hallarına qarşı birgə mübarizə və neqativ halların aradan qaldırılmasıdır. Bununla əlaqədar agentliyin rəhbərliyi tərəfindən dəfələrlə media vasitəsilə çağırışlar edilib. Qanunazidd hərəkətlərə yol verən əməkdaşlar və agentliyin adından istifadə edənlər barəsində 1003-“Qaynar xətti”nə məlumat verilməsi xahiş olunub.
Bu istiqamətdə hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq çərçivəsində Daxili İşlər Nazirliyinin və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ilə birlikdə silsilə tədbirlər həyata keçirilib. Bunun nəticəsində, agentliyin yerlərdə fəaliyyət göstərən bir sıra əməkdaşları ilə yanaşı, qanunsuz fəaliyyətlə məşğul olan onlarla şəxs ifşa edilərək hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunublar.
Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, əhalinin sağlam və təhlükəsiz qidalanması sahəsində dövlət başçısı tərəfindən qarşıya qoyulan tapşırıqların qüsursuz yerinə yetirilməsi üçün bundan sonra da aidiyyəti orqanlarla birlikdə qətiyyətli addımlar atılacaq və neqativ, pozucu fəaliyyətlə məşğul olan şəxslərin qanunun ən sərt üzü ilə cəzalanması üçün zəruri tədbirlər görüləcək.
“Qida təhlükəsizliyi” anlayışının və fəaliyyət sahəsinin ölkəmizdə yeni formalaşdığını, eyni zamanda, əhalinin sağlamlığının təmin olunmasında daha həssas və strateji əhəmiyyətə malik olduğunu nəzərə alaraq agentlik prosesdə iştirak edən bütün tərəfləri, sahibkarları, istehlakçıları və aidiyyəti dövlət orqanlarını öz funksiyalarına uyğun olaraq fəaliyyətlərini daha da gücləndirməyə, iş adamlarını və vətəndaşları sosial məsuliyyətdən irəli gələn əsl vətəndaş mövqeyi ortaya qoymaqla hər hansı neqativ hallarla əlaqədar dərhal AQTA-nın1003-“Qaynar xətti”nə və hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırır.

Sosial 2018-11-13 17:05:00