×
A
A
A
Sazlamalar

Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Bakı, 13 noyabr, AZƏRTAC

Əmək və Sosial Münasibətlər Akademiyasında “Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətləri” mövzusunda tələbə elmi-praktik konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, müəllim heyəti, tələbələr və qonaqların iştirakı ilə keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Akademiyanın tədris və elmi işlər üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Fərhad Mehbalıyev konfransı açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar barədə danışıb. O, demokratik hüquq və azadlıqların təmin edilməsi, etnik, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq ölkə vətəndaşlarının bərabər hüquqlara malik olduğu barədə məlumat verib.
Konfransda qeyd olunub ki, bu gün çox istedadlı və geniş dünya görüşünə malik gənclərimiz var və onlar tarixi, milli və mənəvi dəyərlərimizi uca tutaraq beynəlxalq aləmdə ölkəmizin nüfuzunun daha da güclənməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.
İqtisadiyyat və idarəetmə kafedrasının müdiri, iqtisad üzrə elmlər doktoru Vilayət İsmayılov “Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətləri” mövzusunda çıxış edib.
Kafedra əməkdaşlarının rəhbərliyi ilə tələbələrin mövzuya uyğun çıxışları dinlənildikdən sonra konfrans öz işini ayrı-ayrı bölmələrdə davam etdirib.
Tədbirin yekununda xüsusi komissiya tərəfindən seçilmiş işlər qiymətləndirilib və məruzəçilərə sertifikatlar verilib.

Cəmiyyət 2018-11-13 16:38:00